Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Texnologiya Universitetinin 45 illik yubileyinə həsr olunmuş “Elm, təhsil və istehsalatın inteqrasiyası: müasir tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda elm xadimləri, yerli və xarici qonaqlar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə böyük ehtiram və rəğbət ifadəsi olaraq təravətli qızılgül dəstələri qoyublar. Konfransı giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açıb və universitetin kollektivinə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin salamlarını, təhsil ocağının 45 illik yubileyi münasibətilə təbrikini çatdırıb.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Naqif Həmzəyev bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində sürətli tərəqqi dövrünü yaşayan Gəncədə bütün qurumlar kimi ali təhsil ocaqları da, forma və məzmunca yeni bir dövrə qədəm qoyub. Bunlardan biri də maddi-texniki bazasını və kadr potensialını gücləndirən, tədrisin keyfiyyətini artırmaq üçün uğurlu addımlar atan Azərbaycan Texnologiya Universitetidir.
ATU-nun rektoru professor Akif Süleymanov çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının inkişaf yolu haqqında danışıb: “ATU-nun yaranması, keçdiyi şərəfli inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 45 il əvvəl Azərbaycan Politexnik İnstitutunun filialı kimi fəaliyyətə başlayan bu ali təhsil ocağı 1981-ci ildə instituta, 2000-ci ildə isə universitetə çevrilib. Hazırda 4 fakültədə 21 ixtisas üzrə 2500-ə qədər tələbə və magistrant təhsil alır. ATU bu gün Azərbaycanda, həmçinin bütün Qafqazda yeyinti və yüngül sənaye üzrə mühəndis-texnoloq,mühəndis-mexaniklər hazırlayan əsas ali təhsil müəssisəsidir. 240 nəfərlik professor-müəllim heyətinin çalışdığı ATU fəaliyyət profilinə uyğun olaraq,dövrün tələblərinə uyğun yeni ixtisaslar üzrə kadr hazırlığına başlamağı qarşısına məqsəd qoyub.
Çıxış edən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Priyev,AMEA-nın akademiki Ziyad Səmədzadə,AMEA-nın şöbə müdiri Vüqar Babayev,Beynəlxalq Qara Dəniz universitetinin rektoru İlyas Ciloğlu və başqaları ATU-nun 45 illiyi münasibətilə universitetin kollektivini təbrik edib, səmərəli fəaliyyətlərində uğurlar arzu ediblər.
Tədbirdə Təhsil Nazirliyinin,AMEA-nın təbrik məktubları oxunub.
Konfransın gedişində ATU-nun tarixindən,uğurlarından bəhs edən qısa film nümayiş etdirilib. Sonra ATU ilə Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti arasında əməkdaşlıq memorandumları imzalanıb.
Qonaqlar tərəfiindən universitetə xatirə hədiyyələri, ATU adından isə bır sıra qonaq və iştirakçılara xatirə paketləri təqdim olunub.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə elmi-praktik konfrans iştirakçılarının müraciəti oxunub.
Aktual.az