Naxçıvan məktəbliləri Gəncə şəhərində Novruz şənliyində iştirak ediblər
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasında iştirak edən Naxçıvan şəhəri, Ordubad, Culfa, Babək, Şahbuz, Kəngərli, Şərur və Sədərək rayonlarının 30 nəfər şagirdi Gəncəyə gəlib. Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 3 gün davam edəcək səfərdə məktəblilər Gəncənin qədim tarixi, mədəniyyət abidələri ilə tanış olacaq, muzeyləri gəzəcəklər.
Onlar Gəncə şəhəri ilə tanışlığa Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksindən, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsindən başlayıblar. Sonra Nizami Gəncəvi Muzeyində görkəmli şairin həyat və yaradıcılığını əks etdirən eksponatlarla , qədim əl -yazmaları , nəfis tərtibatla yenidən nəşr olunmuş əsərləri ilə tanış olublar. Onlar “Xəmsə”ni əks etdirən daş kitabələri maraqla seyr ediblər. Məktəblilər Cavad xan küçəsində təşkil olunmuş ümumşəhər Novruz şənliklərində iştirak ediblər. Burada məktəblilər şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər. Şəhər rəhbəri onları salamlayaraq bayram münasibətilə təbrik edib, təhsildə, bütün işlərində uğurlar arzulayıb. Onların vətənpərvər, layiqli vətəndaş olaraq formalaşmasında ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, məktəblilərə daim dövlətçiliyimizə sədaqətli olmağı , uğurları, layiqli işləri ilə Vətənimizin adını ucaltmağı tövsiyə edib.
Gəncə Dövlət Dram Teatrının və Kukla Teatrının aktyorlarının hazırladıqları tamaşalar, milli geyimli uşaq və gənclərin rəqsləri, bayram əhval-ruhiyyəli ritmik mahnılar, gənclərin hazırladıqları flashmob,tətbiqi sənət nümunələrindən və əl işlərindən ibarət sərgilər, kəndirbazın oyunları, nəhəng səmənilər, yumurtalar, kuklalar, Kosa və Keçəlin əyləncəli, şux zarafatları məktəblilərdə böyük maraq doğurub.
Naxçıvanlı məktəblilər Gəncə şəhər İcra Hakimiyyətinin qarşısındakı baş meydana gələrək burada düzənlənən el şənliyinə qatılıblar. Ekskursiya “Çökək hamam” Cavad xan türbəsində, “Cümə məscidi” tarixi abidəsində, Xan bağında davam edib. Onlar ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarını ziyarət edərək gül-çiçək dəstələri qoyublar. Xan bağında xalq şairi Nigar Rəfibəylinin abidəsi önündə xatirə şəkilləri çəkilib.
Məktəblilər dünyanın ən böyük parklarından biri olan Heydər Əliyev parkına gələrək burada möhtəşəm Heydər Əliyev Mərkəzində olub, ulu öndərin mənalı həyatını, fədakar fəaliyyətini, misilsiz xidmətlərini əks etdirən eksponatlarla tanış olublar. “Möcüzələr məkanı” adlandırılan Park-Kompleksi sonsuz heyranlıqla seyr ediblər.
“İmamzadə” dini kompleksi ilə tanışlıq aksiya iştirakçılarının səfər təəssüratlarını daha da zənginləşdirib. Onlar qədim, gündən-günə gözəlləşən, müasirləşən, dünyanın aparıcı şəhərlərindən birinə çevrilən Gəncəyə səfərlərindən razı qaldıqlarını bildiriblər. Bu gün məktəblilər Şəmkirə yola düşüblər.