Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT-in Daimi Şurasının növbəti iclasında bu beynəlxalq təşkilata üzv ölkələrin nümayəndələrini son günlərdə Ermənistan ordusu tərəfindən qoşunların təmas xəttində törədilmiş təxribatlar barədə məlumatlandırıb.
Bəyanatda bildirilir ki, aprelin 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonları ərazisində mülki əhalinin yaşadığı məntəqələri, mülki və ictimai obyektləri, eləcə də Azərbaycan Ordusunun mövqelərini ağır artilleriya və iriçaplı silahlardan atəşə tutub. İntensiv atəş nəticəsində iki mülki şəxs qətlə yetirilib, 6 şəxs ağır yaralanıb, bəzi qeyri-yaşayış obyektləri, əhalinin mülkiyyəti yararsız hala düşüb, fərdi təsərrüfatlara ciddi ziyan vurulub.
Bəyanatda, həmçinin bildirilir ki, Ermənistanın mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etməsi mülki əhalinin kütləvi şəkildə məhv edilməsi məqsədini daşıyır. Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-insani formada kütləvi şəkildə Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi yeganə istisna hal deyil, bu, bir daha Ermənistanda dövlət səviyyəsində icra olunan planlaşdırılmış və sistematik terror siyasətinin bir elementini əks etdirir.
Daha sonra qeyd edilir ki, aprelin 5-də Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejiminin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan tərəfi atəşkəsi kobudcasına pozur, qoşunların təmas xəttində vəziyyəti gərginləşdirir və qəsdən mülki şəxslər və obyektləri hədəfə alaraq münaqişənin həlli üçün danışıqlardan boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfinin bu təxribatçı əməllərini qınamalıdır. Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təxribatlar törətməyə hazırlaşması barədə ətraflı şəkildə məlumatlandırıb və xəbərdar edib.
Azərbaycan tərəfi bəyan edib ki, təmas xətti boyunca mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan qoşunlarının hərbi mövqelərinə qarşı gördüyü bütün əks tədbirlərin məsuliyyəti Ermənistanın üzərinə düşür. (Azərtac)