Sentyabrın 21-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə “İnsani Dəyərlərin Tətbiqi Konfransı” öz işinə başlayıb. ATƏT üzvü olan 57 ölkənin rəsmi şəxslərinin, nazir və səfirlərinin, habelə QHT rəhbərləri, jurnalist və hüquq müdafiəçilərinin qatıldığı bu beynəlxalq tədbirdə fundamental azadlıqlar, insan haqları və demokratik dəyərlər müzakirə olunub.
Konfransın ilk günü ATƏT coğrafiyasında media azadlığı məsələsinə həsr olunub. Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda media azadlığının vəziyyəti barədə çıxış edib və Meydan TV-nin xanım əməkdaşlarının saxlanılmasından narahatlığını ifadə edib.
Daha sonra ABŞ-da qətlə yetirilən jurnalistlər barədə danışan ADİHİ rəhbəri ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayerə müraciət edərək, qətlə yetirilən amerikalı jurnalistlər barədə məlumat verməsini istəyib.
Çıxışının sonunda Macarıstan sərhədində zorakılığa məruz qalan suriyalı qaçqınlar barədə söz açan hüquq müdafiəçisi Əhməd Şahidov macar jurnalistin suriyalı uşağı təpiklə vurub yerə yıxmasını Avropada dözümsüzlük nümunəsi kimi qiymətləndirib.