ATƏT diplomatlarından ABŞ-ın Azərbaycan planları barədə Şok Açıqlamalar

ATƏT diplomatlarından ABŞ-ın Azərbaycan planları barədə   Şok Açıqlamalar

"ATƏT-in Bakıdakı Layihə Koordinatorluğunun bağlanması ilə əlaqədar olaraq təqsirləndiriləcək biri varsa o da ABŞ diplomatıdır"
ATƏT-in Bakıdakı ofisinin fəaliyyətinin dayandırılması üçün Azərbaycan ATƏT-ə bir ay möhlət verib. Qərb mediası bunu ölkədəki insan hüquqları və media azadlığının tənqidinə cavab adlandırır. 

APA-nın məlumatına görə, Qərb diplomatlarının "EurActiv" saytına dedikləri isə tamamilə fərqli sözlər deyir.  

“Azərbaycan hökuməti ATƏT-ə bildirir ki, ölkə ATƏT-in Layihə Koordinatorunun Bakıda fəaliyyət göstərməsinə daha ehtiyac duymur”, - ATƏT-in Vyanadakı baş qərargahına rəsmən təqdim olunmuş diplomatik qeyddə deyilir.

Ofisin bağlanılması üçün verilən müddət iyulun 4-ü bitir ki, bu da ABŞ-ın müstəqillik gününə təsadüf edir.

Yazıda qeyd olunur ki, "Radio Free Europe"-nın xəbərinə görə, Azərbaycanın bu addımı Qərb rəsmiləri və beynəlxalq insan hüquq müdafiəçilərinin ölkədəki insan haqları və media azadlığı ilə bağlı genişlənən tənqidləri ilə bağlıdır.

Lakin Bakıdakı və ATƏT-in Vyanadakı baş qərargahındakı diplomatlar EurActiv-ə bildirib ki, ATƏT-in Bakıdakı Layihə Koordinatorluğunun bağlanması ilə əlaqədar olaraq təqsirləndiriləcək biri varsa o da ABŞ diplomatıdır. Onlar iddia edir ki, amerikalılar Azərbaycanda hakimiyyət dəyişikliyinə can atırlar.

Müxtəlif mülahizələr müəyyən məqamlarda uyğun gəlir. ATƏT-in Bakıdakı missiyası 2009-cu ildə açılıb, ATƏT-in sabiq səfiri Koray Tarqay mandatı dönəmində müxtəlif çətinliklərlə üzləşib. Məlumata görə, 2012-ci ilin iyulundan 2013-cü ilin iyuluna kimi Targay ABŞ təzyiqi altında ölkə haqqında bəzi tənqidi fikirlər bildirib.

2013-cü ilin yayında, ATƏT-in missiya üzvlərinin müxalifətin qeyri-qanuni nümayişinə qatılan zaman isə bu təzyiqlər pik həddə çatıb. ATƏT-in missiya üzvləri bu cür hadisələri müşahidə edə bilərlər, lakin kənardan. Bildirilir ki, ATƏT-in missiya üzvləri faktiki olaraq nümayişdə iştirak ediblər. Bununla bağlı mübahisə yaranıb, Azərbaycan rəhbərliyi missiyanın fəaliyyətinin dayandırılmasını istəyib.

Xatırlatmaq yerinə düşər ki, ATƏT-in missiyaları ölkələrin öz təşəbbüsü ilə açılır.

Ukrayna və Türkiyə missiyanı yeni mandat ilə fəaliyyətdə saxlamaq üçün müdaxilə ediblər. Yeni mandat bunu siyasi bəyannamə etməyə və büronu “ATƏT-in Layihə Koordinatorluğu”na çevirməyə imkan vermir.

Yeni mandat 2013-cü ilin iyulunda qəbul edilib və yeni səfir Aleksis Şahtaxtinski 2014-cü ilin martında Bakıya gəlib. ATƏT-in Layihə Koordinatorluğunun hazırda fəaliyyət göstərən internet səhifəsinin yazdığına görə, onun əsas prioritetləri ATƏT-in öhdəliklərinin uğurla yerinə yetirilməsində Azərbaycana kömək etmək; terrorizmlə mübarizə, Azərbaycanda dini tolerantlığın daha da irəli aparılması, məişət zorakılığı və insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasındakı əməkdaşlığın və yaxşı dövlətçilik layihələrinin inkişafı olub.

Məlumata görə, yeni səfir mandatına ciddi hörmət edib və siyasi bəyanatlar verməkdən, hakimiyyəti tənqid etməkdən imtina edib. Lakin ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer onun daha çox siyasi rol oynamasını, ABŞ-ın Gürcüstan və Ukraynada olduğu kimi Azərbaycanda da hakimiyyət dəyişikliyi strategiyasının davamçısı olmasını istəyib.

Diplomatik mənbələrin bildirdiyinə görə, ABŞ və Böyük Britaniyanın Vyanada Fransaya və ATƏT-in baş katibi Lamberto Zannierə qarşı təzyiqi artıb. Nəticədə ATƏT səfiri ilə mayın 31-də bitən müqaviləsini yeniləməyib.

“EurActiv”ə bildirilib ki, Azərbaycan hökuməti bunu “Əgər Şahtaxtinskinin varisi eyni qayda ilə işləsə, o da işdən azad ediləcək. Bu onun öz mandatını pozaraq işləməsinə təhrik edəcək. Bu qəbuledilməzdir" deyə əsaslandırıb və Bakının qərarı missiyanın fəaliyyətinin dayandırılması olub.

Məlumata görə, bu hadisələrdən qabaq Azərbaycan ABŞ-ın missiya üzərinə olan təzyiqlərinin artması barədə ATƏT-in Vyanadakı baş qərargahına rəsmi məlumat verib.

"Xüsusi xidmət fonu olanlar insan hüquqlarından hakimiyyətin dəyişdirilməsi üçün bəhanə kimi istifadə edərək xarici siyasəti alətləşdirmək üçün ATƏT-dən istifadə edir. Lakin bu Dağlıq Qarabağ münaqişəsi səbəbindən qonşu Ermənistan ilə müharibə şəraitində olan Azərbaycanda keçməz”, - deyə diplomat bildirib.

ATƏT-in Bakı missiyasının Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmağa mandatı yoxdur. Bu işlə ATƏT-in Minsk Qrupu məşğul olur.

“Amerika Azərbaycanı nə qədər çox tənqid edərsə, Azərbaycan bir o qədər çox yaxınlaşacaq Rusiyaya. Amerikanın istəyi budur?”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, Azərbaycan mükəmməl ölkə deyil, lakin heç bir ölkə mükəmməl deyil: “Əgər Qərb buradakı vəziyyəti yaxşılaşdırmaq istəyirsə, o zaman çevrilişə deyil tədricən inkişaf etməsinə kömək etməlidir”.

Əslində neft və qazla zəngin olan Azərbaycan heç bir super güc ölkəsinə yaxınlaşmaq, nə də Aİ ilə assosiasiya sazişi bağlamaq istəmir. Azərbaycan Avropa ilə Asiya arasında, eləcə də Müsəlman və Xristian dünyası arasında körpü rolunu oynamaq istəyir.

Aktual.az

Xəbər 1030 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR