Zərdab rayonunda müəmmalı güllələnmə hadisəsi baş verib.
Aktual.az Anspress-ə istinadən xəbər verir ki, 23 yaşlı gənc xəstəxanaya yerləşdirilib. Xəstə yaxınlarının verdiyi məlumata görə, hadisə rayonun Şahhüseynli kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Rahim Əhmədli ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan ağız nahiyəsindən atəş açaraq özünü güllələyib. Nəticədə o, ağır xəsarətlər alıb və paytaxtdakı akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb və əməliyyat edilib.
R. Əhmədlinin atası uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş və gənc də atasının xəstə halını görməmək üçün intihar məqsədi ilə belə bir addım atıb. Hadisənin daha dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Zərdab rayonunda iki gün əvvəl də kriminal hadisə baş verib. Rayonun Məlikli kənd sakini, 1963-cü il təvəllüdlü Yaşar Müzlü oğlu Həsənov özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib.
Məlikli kənd sakininin bildirdiyinə görə, mərhum əvvəllər Sarıqaya kənd məktəbində rus dili müəllimi işləyib: “Daha sonra o, ixtisasını ədəbiyyat müəllimliyinə dəyişib. Ancaq 6 il idi ki, işləmirdi.
İşdən səhhətinə görə çıxmışdı. Daha sonra onun səhhətindəki problemlər daha da dərinləşdi və onun psixoloji problemləri yarandı. Son vaxtlar isə əsəbi təmiz pozulmuşdu. Onun bu səbəbdən intihar etdiyi ehtimal edilir”, - deyə kənd sakini bildirmişdi.