Aktual.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini İlqar Quliyevin (1990-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
2014-cü il sentyabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Şaban Nəbiyev (1960-cı il təv.) “Vinçester” markalı silahdan açılan atəşlər nəticəsində qətlə yetirilib. Hadisə ilə əlaqədar səhərisi gün RPİ və 38-ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində İlqar Quliyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən şəxs 2007-ci il yanvarın 9-da İlqar Quliyevin atası Ələsgər Quliyevə və tanışı İntiqam Babayevə odlu silahdan atəşlər açaraq, onları yaralayıb. Həkimlərin müdaxiləsinə baxmayaraq Ələsgər Quliyev dünyasını dəyişib.
Törətdiyi cinayət əməlinə görə Şaban Nəbiyev həbs olunub və Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə cəzalandırılıb, 7 il 6 aydan sonra Nəbiyev cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Atasının qatilinin həbsxanadan qayıtdığını öyrənən İlqar Quliyev qisas almaq qərarına gəlib. Hazırlıq işi aparan Quliyev silah əldə edərək, Nəbiyevi yaşadığı evin yanında gözləyib və sentyabrın 3-də cinayəti həyata keçirib.
Şabanla üzbəüz gələn İlqar ona atasının qatili olduğunu bildirib, sonra isə dərhal silahdan atəş açaraq onu qarın və bud nahiyəsindən yaralayıb. Sonuncu 1 saylı klinik xəstəxanasına çatdırılsa da, kəskin qanitirmədən dünyasını dəyişib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs ittiham üzrə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Aktual.az