Neftçalada atasını öldürərək meyitini yandırıb külünü Kür çayına atan oğulun daha bir ağır cinayətinin üstü açılıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, 2014-cü ilin fevralında Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, taksi sürücüsü kimi fəaliyyət göstərən 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlunun itkin düşməsi barədə polisə məlumat daxil olub.
Hadisədən bir gün sonra Kamal Rüstəmovun idarə etdiyi "VAZ 21011” markalı 47 ** 421 dövlət nömrə nişanlı avtomobil yanmış halda rayonun Pirəbbə kəndinin ərazisində aşkar edilib. Avtomobilin yanında onun ayaqqabısı tapılıb. Lakin yanmış avtomobilə polis tərəfindən baxış keçirilərkən hər hansı meyit aşkar edilməyib.
Həyata keçirilən tədbirlər nəticəsində həmin qətlin rayon sakini, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu tərəfindən törədildiyi müəyyən edilib. E.Heybətov K.Rüstəmovu öldürdükdən sonra onun avtomobilini yandırıb, meyitini Bakı şəhərinə gətirib və Balaxanı qəsəbəsində kirayədə qaldığı evin həyətində basdırıb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə bu gün meyit basdırıldığı yerdən çıxarılıb.
Qeyd edək ki, hadisəni törətməkdə təqsirli bilinən E.Heybətov bir neçə gün əvvəl anası ilə birgə atasının qətlində şübhəli bilinərək tutulub.
Araşdırmalar zamanı müəyyən edilib ki, o və anası Tükəzban Heybətova 2013-cü ildə atası, 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunu qətlə yetirərək meyitini yandırıb və daha sonra qalıqlarını Kür çayına atıblar. Qətli törətməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Heybətova Tükəzban Habil qızı və oğlu, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu polis tərəfindən saxlanılıb.
Aktual.az
Xəbər 540 dəfə oxunub.