"Atalarınız bazlıqda, analarınız xaricdə istirahətdə olsun..."


ELŞƏN MUSAYEV
 

Dünən "Facebook”dakı dəyərli dostlarımdan birinin son dərəcə heyrət doğuracaq statusunu oxudum:

"İşə gələrkən içində də 3-4 cavan oğlan önümdə çox bahalı bir avtomobil gedirdi. Birdən onlar eyni anda başlarını avtomobilin şüşəsindən çıxarıb öz aləmlərində məsxərəyə qoyurmuş kimi ətrafı təmizləyən yaşlı süpürgəçiyə söz atmağa başladılar.  Hətta işıqforun yaşıl işığı yanarkən öndə əyləşən gədə bir az da uzağa gedib həmin yaşlı qadına "imkan olsa arada bizim maşının içini də təmizlə” atmacasını atdı. Sonra isə dostları ilə bərabər ucadan şaqqanaq çəkərək gözdən itdilər”.

***

Heç yadımdan çıxmaz, Əhmədlidə yaşayarkən məhəlləmizi süpürən bir nənə vardı. Bəlkə də 80-ə yaxın yaşı olardı. Beli tamamən bükülmüşdü. Hər evdən çıxdığımda və geri qayıtdığımda onunla qarşılaşardım. Son dərəcə də pozitiv simaya sahib idi. Bir gün yeni il öncəsi, qarın çovğununda, səhər saat 7 radələrində onun işə getdiyini gördüm. Öz də istiqamət əks idi. Külək sifətini qılınc kimi kəsirdi. Saxladım maşını. Oturmağını rica etdim. Qəribə şəkildə gülümsünərək dilləndi: "Oğlum, mən bütün günü zibillə əlləşirəm. Əlimdə də süpürgə, iyrənməyəcəksən məndən?” O söz mənə güllə kimi dəydi. İsrarla avtomobilə əyləşdirdim. Süpürgəsini də ehmalca arxa oturacağa qoydum. Yolu da bir az uzun elədim ki, azca isinsin, donu açılsın. Beləcə dialoqumuz başladı:

- Siz həqiqətənmi iyrənəcəyimi düşündünüz?

- Siz? Mənimlə ilk dəfədir kimsə "sən” demədən danışır.

- Amma anam yaşındasınız, başqa necə danışım?

- Nə bilim oğlum, süpürgəçiyəm axı mən.

- Olsun, nə fərq edər. Amma yenə də sualıma cavab almadım.

- Hə düşündüm iyrənərsən. Çünki, hətta dükanda məni tanıyan satıcılar belə nəsə aldığımda "setka” nı elə verirlər ki, əlləri əlimə toxunmasın. Sanki bomjam, zibil içində yaşayıram.

- Yox, anam, mən elə düşünmürəm. Rahat ol.

- Oğlum, mən prokuror qızı olmuşam. 7 yaşımda atamı itirmişəm. Ərim də imkanlı biznesmenlərdən, Rusiyada yaşayan azərbaycanlılardan biri idi. Amma... Allah bəxtimi qara yazıb. Atam da, ərim də ayrı-ayrı müddətlərdə faciəli şəkildə avtoqəzada həlak olublar. Kimsəsiz qalmışam. Balalarımı saxlamaq üçün, dilənməmək üçün hər vasitədən bəhrələnmişəm. Namusuma ləkə gətirməmişəm. Yaşlaşdığımda da süpürgəçilik etməkdən savayı çarəm qalmayıb.

- ...

- O gün məhəllələrin birini süpürürdüm. Həyətdə də uşaqlar oynayır. Gördüm eyvandan bir valideyn övladına açıqca, göz görəsicə səslənir ki, o qoca arvada yaxın oynama ha. O "kıx”dı...

- ....

- Həyat qəribədir oğlum, çox qəribə...

- Təhsiliniz varmı?

- Texnikom və "APİ”nin biologiyasını bitirmişəm. Qiyabi.

- Yəni ali təhsillisiniz...

- Aha, ali təhsilli süpürgəçi... (Bunu deyib, gözlərimin içinə baxaraq xəfifcə ağladı. Həm də qəribə bir gülüşlə ağladı. Hirs gülüşü ilə, nadan həyata istehza gülüşü ilə!)

- Sizi mən çox sevdim.

- Yox, mənim balam, sevmədin. Sadəcə yazığın gəldi. Amma yenə də hər şey üçün sağ ol. Allah səni qorusun, -dedi və avtomobildən düşərək uzaqlaşdı.

Məni tanıyanlar bilir, son dərəcə vas-vası insanam. Hətta çayxanaya belə stəkanla gedirəm ki, birdən ordakılar təmiz yuyulmaz. Amma o nənəni hər gördüyümdə qucaqlayıb öpürdüm. Onun komplekslərini qırmaq istəyirdim. Yazığım filan da gəlmirdi, qətiyyən iyrənmirdim.

Çünki, həyatımda bəlkə də indiyə qədər tanıdığım ən saf, ən mənəviyyatlı insanlardan birini bağrıma basırdım, qucaqlayırdım...

Hətta bir gün yol kənarında oturub bərabər nar yedik. Elə şirin hərəkətlər edirdi ki... Dənələri qoparıb xısın-xısın ağzına atırdı. Artıq komplekssiz idi, utanmırdı.

Mən bəlkə də həyatım boyunca üzərimə düşən ən dəyərli missiyalardan birini icra etmişdim.

Mən bu qadını ölümündən bir ay öncə ondan iyrənmədiyimə inandıra bilmişdim....

Ölümünü isə qızı dedi...

İşə gedirdim. Gördüm evin önündə təxminən 3-4 yaş civarında olan uşaq və başıbağlı bir qadın dayanıb. Tanımırdım. Sonradan agah etdi. Yaşlı qadın telefon nömrəmi bilmədiyi üçün qvtomobilimin nömrəsini və evin gözəyarı ünvanını qızına veribmiş.

"Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə...”

***

Odur ki, süpürgə və süpürgəçi ilə məzələnən qaqalar! Sözüm sizlərədir!

Bunu etməyi bacarırsınızsa, bacarmışsınızsa, bacardınızsa o zaman əmin olun, gələcəyiniz parlaqdır! O qədər parlaq ki, işığı bir gün göz qamaşdıracaq. Fəqət, cəhənnəmdə!

Sizə tərbiyəni əsla və əsla ata-ana verə bilməz! Veribsə də bu fahişə tərbiyəsidir, oğraş, alçaq dəsti-xəttidir!

Bu dünyada ən böyük həqiqət həyatın hər üzünü görənlərin həqiqətidir! Unutmayın, hətta qulağınıza sırğa, kor gözlərinizə də damğa edin!

Bütün əməllər bumeranqdır. Birmənalı! Və bir gün inanın ki, qızınız da olmasa nəvəniz mütləq küçə süpürəcək. O zaman hətta sizdən də çox-çox daha mənəviyyatsız adamlar etdiyinizin eynisini edib onlarla məzələnəcəklər! Əcdadlarının günah bədəli olaraq!

Siz yüz minlik maşınlarda, atalarınız bazlıqda, analarınız xaricdə istirahətdə olsun. Kef edin, ləzzət alın, zövqünüzcə əylənin! Fəqət unutmayın ki, süpürgəsinə və şəxsiyyətinə əl qaldırdığınız insanın ovcundakı bir qabar, üzündəki bir qırış sizin kimi düşünən binamusların komundan daha qiymətlidir!

Daha müqəddəsdir!

 


Xəbər 48363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR