Astara sakini Murad Muradov deyir ki, quşçuluğa uşaq yaşlarından marağı olub. Əvvəllər göyərçin, qırqovul və digər quşları saxlasa da, son illər tovuzquşu təsərrüfatı yaratmağa qərar verib.
Aktual.az Region TV-yə istinadən xəbər verir ki, İran, Türkiyə və Rusiyadan gətirdiyi tovuzquşlarını öz həyətində bəsləməklə çoxaldıb. O, tovuzquşlarını günəbaxan tumu, qarğıdalı və buğda ilə bəslədiyini deyir. Həyətində isə 5 növ tovuzquşu var.
Bu quşların qiyməti isə nadir olduğu üçün bahadır. Qiymətlər 1000 manatdan başlayaraq, növünə görə dəyişir.
Təsərrüfat sahibi isə qiymətlərin yüksək olmasını belə izah edir: "3 il onların üzərində əziyyət çəkməlisən ki, onlar belə gözəllikdə olsun. 2 il tamam olmadan bala da vermir bu quşlar. Əzab-əziyyətinə görə də qiymətlər belədir".
Ən bahalı növ isə Yava tovuzquşudur. Belə ki, bu quşun bir cütünün qiyməti təxminən 3000 manatdır.