Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının açılışında çıxış edən qurumun sədri Pedro Aqramunt Avropa Şurasına üzv ölkələrdəki vəziyyətdən danışıb.
O, Azərbaycanla əməkdaşlığı və ölkədə insan haqları, demokratiya və hüquqi dövlət sahəsində həyata keçirilən layihələri alqışlayıb. AŞPA-nın Azərbaycan hökuməti ilə siyasi və konstruktiv dialoqu davam etdirdiyi vurğulanıb.
Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputat Rafael Hüseynov sessiyada çıxış edərək qeyd edilən sahələrdə ölkəmizdə həyata keçirilmiş layihələrdən danışıblar.
Rafael Hüseynov qaçqın problemi ilə üzləşən ölkələrə qarşı münasibətin eyni olmadığını, Azərbaycanın erməni təcavüzündən əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, baş verən cinayətlərin cəzasız qalması digər oxşar cinayətlərin yaranmasına səbəb olur. O, Ermənistanı AŞPA qətnaməsinə riayət etməyə çağırmağın zəruriliyini vurğulayıb.
Səməd Seyidov çıxışında Azərbaycan üzrə həmməruzəçilərin fəaliyyətini yüksək qiymətləndirib. O, ölkəmizdə insan haqları və digər sahələrdə görülən işlərdən söhbət açıb. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüskarı ilə parlamentdə qəbul edilmiş “28 May –Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar 10 min məhkuma şamil edilib. O, AŞPA-da Azərbaycanla bağlı bugünkü razılığın dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın bəhrəsi olduğu diqqətə çatdırıb. (Azərtac)