“Seçiciləri onu Astarada itirib, köhnə İnqilab küçəsində axtarırlar”
Parlament seçkilərindən bizi iki aylıq zaman kəsimi ayırır. Seçkilər yaxınlaşdıqca deputatların fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlir.
Aktual.az seçkiöncəsi yeni rubrikaya start verir. “Deputatlar jurnalistlərin gözü ilə” adlanan rubrikada ölkənin aparıcı mətbuat orqanlarında çalışan media mənsubları deputatların fəaliyyəti ilə bağlı təəssüratlarını Aktual.az-a bölüşürlər.
Rubrikamızın növbəti qonağı 77 saylı Astara seçki dairəsini parlamentdə təmsil edən deputat Aslan Cəfərovdur.
Xatırladaq ki, 42 yaşlı Aslan Cəfərov deputat seçilənə qədər “Diplomat” şirkətinə rəhbərlik edib. Biznesmen-deputatlardan sayılan A.Cəfərovun fəaliyyət sahəsində uşaq qidalarının idxalı və satışı daxildir. Bu sahədə populyarlıq qazanan deputat Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvüdür.
Elşad Paşasoy (“Yeni Müsavat” qəzeti):
Düzü, onun heç bir fəaliyyətini görməmişəm. Ümumiyyətlə fəaliyyəti haqqında xəbərsizəm.
Azər Qaramanlı (Pia.az portalı):
Mən bu adama necə rəy verim? Nə deputatım deyil, nə üzünü görmüşəm, nə də səsini eşitmişəm.
Məmməd Gülməmmədov (Ölkə.az portalı):
Mən onu tanımıram. Tanımadığım adam haqqında nə danışım?! Yəqin ki, deputat kimi çox passivdir deyə, tanımıram. Biraz aktivliyi olsaydı, heç olmasa adını eşidərdim.
Hacıbəy Heydərli (Azxeber.com portalı):
Çox pis, çox zəif. Belə adda deputat da var?! Yəqin, var ki, sual verirsiniz. Mən tanımıram. Görünür tanınmayacaq səviyyədə passiv olub deyə, onu tanımırıq.
Elçin Xalidbəyli (Musavat.com portalı):
Onun və bir çox deputatların fəaliyyəti mənə məlum deyil. Aslan Cəfərov adında deputatı tanımıram.
Günel Cəlilova (“Bakı Xəbər” qəzeti):
Aslan Cəfərov gənc deputatlardandır. Lakin millət vəkili kimi, çox passivdir. Həm mətbuata açıq deyil, həm də parlamentdə aktiv deyil.
Ədil Hüseynli (Bizimxeber.az portalı):
Aslan Cəfərov “super” deputatdı. Kaş bütün deputatlar onun kimi olsun. Dünyada analoqu olmayana deputatlardandı.
Səbuhi Abbasov (7 news.az portalı):
Birinci dəfədir bu adda, bu soyadda deputatın adını eşidirəm. Sizin sayənizdə buna da müvəffəq olduq. Əgər jurnalistlər onu tanımırsa, demək, heç kim tanımır.
Aqil Ələsgər (Yenicag.az portalı):
Onu bilirəm ki, parlamentin "lal", həm də biznesmen deputatlarından biridir. Seçiciləri onu Astarada itirib, köhnə İnqilab küçəsində axtarırlar. Beşillik fəaliyyəti dövlət hesabına ezamiyyətə gedib, bir-iki şəkil çəkdirməkdən ibarət olan millət vəkillərindəndir.
Iradə Nürəddizqızı (Simsar.az portalı):
Çox passiv deputatlardan biridir. Millət vəkili kimi, onu yalnız yaxınları tanıyır. Jurnalistlərlə münasibəti də qaydasında deyil. Bilirəm ki, belə deputat var, ancaq heç bir fəaliyyətini görməmişəm.
Zəruri qeyd: Yazı hazırlanarkən deputatın dünyanın ən böyük elektron axtarış sistemi olan "google"də heç bir normal fotosunu tapa bilmədik. Bu səbəbdən onun deyil, Milli Məclisin şəklini yazıya əlavə etmək məcburiyyətində qaldıq.
Adnan/Aktual.az