Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ““Milli-mədəni dəyərlərin internet mediada təbliği” - www.CultNews.az layihəsinə start verib.
Bu barədə saytımıza ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov məlumat verib. Layihənin aktual mövzuya həsr olunduğunu deyən S.Abbasov informasiya məkanının sürətlə internetləşdiyi dövrdə milli dəyərlərin qorunmasının vacibliyini vurğuladı: “İKT eyni zamanda ən uğurlu təbliğat vasitəsi hesab olunur. Belə ki, bir çox inkişaf etmiş ölkələr öz milli irslərini, tarixi abidələrini internet resurslar üzərindən dünyaya təbliğ edir və beləliklə də həm tarixlərini dünya tarixi irsinə daxil etmiş olur, eyni zamanda öz turizm imknalarını daha da artırmış olurlar. Bu mənada 3 Avropa ölkəsində nümayəndəliyi olan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası beynəlxalq təcrübəsini əsas tutaraq, bu sahədə boşlüğü və ciddi təlabatı nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyinə “Milli-mədəni dəyərlərin internet mediada təbliği” layihəsini təklif etdi. Başda nazirimiz Əbülfəz Qarayev olmaqla layihəmizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. İlkin mərhələdə iki ay davam edəcək layihə çərçivəsində yaradılacaq internet resurs mərkəzinin isə uzunmüddətli fəaliyyəti nəzərdə tutulub. Biz, eyni zamanda işğal altında olan torpağlarımızda erməni qəsbkarları tərəfindən məhv edilmiş tarixi abidələrimizin sistemli və fərqli şəkildə www.CultNews.az resurs mərkəzində yerləşdirilməsi və davamlı təbliğini, dünya mədəni irsinə erməni vandalizminin vurduğu ziyanla bağlı müxtəlif innovativ sorğuların keçirilərək nəticələrinin beynəlxalq təşkilatlara göndərilməsini, sosial şəbəkələrin mümkün imkanlarından istifadə edərək təbliğat və təşviqat işlərinin aparılmasını nəzərdə tutmuşuq”