“2016-2017-ci tədris ili üzrə pilot olaraq, Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “Təhsil Nazirliyi ilə “ASAN xidmət” tərəfindən birgə hazırlanmış “ASAN peşə” layihəsi çərçivəsində aparılacaq”.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, ilk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq:
`Nəticələr avqustun 26-da elan olunacaq. “ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi-“ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir`.
Sektor müdiri qeyd edib ki, 2015-2016-cı tədris ilində Bakı şəhərindəki 27 ilk peşə-ixtisas təhsil müəssisəsinə 4 411 şagird, Gəncə şəhərlərindəki 6 ilk peşə-ixtisas təhsili müəssisəsinə 680 şagird qəbul olunub.