“ASAN xidmət” beynəlxalq konfransda təqdim olundu

“ASAN xidmət” beynəlxalq konfransda təqdim olundu

Cari il oktyabrın 30-dan noyabrın 1-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Assosiasiyanın 8-ci İllik Konfransı və Ümumi Yığıncağı keçirilib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Ölkəmizin Assosiasiyanın işinə verdiyi dəyərli töhfələr nəzərə alınaraq 70-ə yaxın dövlətdən 250-dən artıq nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi mötəbər forumun açılışı və ilk əsas sessiyasına sədrlik edilməsi Azərbaycanın ədliyyə nazirinə həvalə olunub.

Nazir açılış nitqi ilə çıxış edərək korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin əhəmiyyətini, bu sahədə beynəlxalq təşkilatların, xüsusilə IAACA-nın rolunu, habelə maarifləndirmə işinin vacibliyini vurğulayıb, Azərbaycanın bu sahədə nailiyyətlərini, o cümlədən ölkə Prezidentinin təşəbbüsü ilə yaradılaraq milli brendinə çevrilmiş "ASAN xidmət"in müsbət təcrübəsini, eləcə də ölkəmizin Beynəlxalq Antikorrupsiya Akademiyasında uğurlu sədrliyini və tədris ocağına dəstəyini qeyd edib, beynəlxalq antikorrupsiya fəaliyyətinin daha da gücləndirilməsinə dair təkliflər irəli sürüb.

Açılışda, həmçinin IAACA-nın prezidenti vəzifəsini icra edən, Qətərin baş prokuroru Ali Al Mari, BMT-nin Baş katibinin nümayəndəsi Dmitri Vlassis, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Qerhard Yaroş və digər yüksək səviyyəli şəxslər çıxış ediblər.

Sonra tədbir öz işini plenar sessiyalarda davam etdirib, BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının implementasiyası, o cümlədən preventiv antikorrupsiya tədbirləri, bu sahədə yaxşı təcrübələr, habelə antikorrupsiya tədrisi, maarifləndirmə işinin gücləndirilməsi və s. bu kimi aktual məsələlər müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin üzvləri iclaslarda fəal iştirak edib, respublika Baş prokurorunun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev çıxış edərək ölkə başçısının rəhbərliyi ilə son dövrlərdə korrupsiyaya qarşı həyata keçirilən təsirli qabaqlayıcı tədbirlərdən danışıb, "ASAN xidmət"in səmərəli fəaliyyəti barədə video-çarx nümayiş etdirilməklə keçirilmiş təqdimat böyük maraqla qarşılanıb. Həmçinin, ölkə Prezidentinin təşəbbüsü ilə korrupsiyaya şərait yaradan halların qarşısının alınmasına xidmət edən sahibkarlıq sahəsində yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların sayının azaldılması, bəzi gömrük qaydalarının asanlaşdırılması kimi tədbirlər iştirakçıların xüsusi diqqətinə çatdırılıb.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin təklifləri nəzərə alınmaqla korrupsiyaya qarşı əhatəli tədbirlərə dair Sankt-Peterburq Bəyannaməsi qəbul olunub.
İclasa Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalov yekun vurub.
Konfrans çərçivəsində bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirərək əməkdaşlığa dair danışıqlar aparılıb.

Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR