Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt jurnalistlərə açıqlamasında Azərbaycana səfərinin məqsədini açıqlayıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, Assambleyanın prezidenti bildirib ki, bu gün bir sıra QHT nümayəndələri ilə görüşlər keçirib: "Çox açıq müzakirələr aparmışıq. Gün ərzində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşlər keçirəcəyik".
P.Aqramunt səfərin məqsədinin Azərbaycanla AŞ PA, həmçinin Assambleyanın bütün qurumları, o cümlədən Baş Katiblik, Venesiya Komissiyası arasında əlaqələrin inkişaf etdirilməsi olduğunu deyib: "Hazırda Azərbaycanla AŞ PA arasındakı münasibətlər çox yaxşı səviyyədədir. Lakin hesab edirəm ki, bəzi məsələlərin müzakirə edilməsinə ehtiyac var. Mən əvvəlki kimi Bakıya məruzəçi kimi gəlməmişəm. Məqsədim burada Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərməkdir".