Artur Rasizadə gürcü nazirlə görüşdü

Artur Rasizadə gürcü nazirlə görüşdü

Bu gün baş nazir Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

A. Rasizadə regionda ümumi vəziyyətin təhlili və əməkdaşlığın müzakirəsi baxımından belə görüşlərin əhəmiyyətli olduğunu bildirib.

Baş nazir Azərbaycan iqtisadiyyatı, həyata keçirilən enerji, nəqliyyat və digər irimiqyaslı regional layihələrin əhəmiyyəti barədə danışıb. A. Rasizadə qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlər üzrə, o cümlədən müdafiə nazirlikləri arasında da davam etdirilməsi günün tələbidir. Ona görə də hər iki ölkənin müdafiə və müdafiə sənayesi, hərbi təhsil və təcrübə mübadiləsi sahələrində faydalı əməkdaşlıq imkanlarından səmərəli istifadə vacibdir.

Azərbaycan hökumətinin qonşu gürcü xalqına və dövlətinə hər zaman dəstək verdiyini minnətdarlıqla xatırladan Gürcüstanın müdafiə naziri iki ölkə arasında tarixi dostluq və strateji əməkdaşlığın mövcudluğunu nəzərə almaqla, əlaqələrimizin yeni şəraitdə daha da genişləndirilməsinin zəruri olduğunu vurğulayıb. Görüşdə regionda mövcud problemlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini nəzərə çatdırıblar.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR