Bakı Apellyasiya Məhkəməsində Emin Musayev, Abdulla İsmayılov və Loğman Rəhimovun CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, 2015-ci il fevralın 6-ı gecə saat 2 radələrində Məzahir Rüstəmov küçəsindəki 9 saylı yaşayış binasının qarşısında Şahlar Məmmədovun qətl əlamətlərinin izləri ilə meyitinin aşkar edilməsi faktına görə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda cinayət işi başlanılıb. Hadisə yerinin müayinəsi zamanı qan nümunələri, soyuq silah hesab edilən bıçaq, papaq və digər əşyalar aşkar edilərək, qablaşdırılaraq, ekspertizaya göndərilib.
Araşdırma zamanı məlum oub ki, mərhum Ağadam rayonunda qeydiyyatda olmaqla, Bakıda, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, yataqxanada yaşayıb.
İş üzrə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Şahlar Məmmədovun bədən səthində 12 ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilib, onun ölümünə kəskin daxili qanitirmə səbəb olub. Məmmədovun meyitindən götürülmüş qanda 2.2 % etil spirti aşkar edilib ki, bu miqdar canlı şəxslərdə orta dərəcəli sərxoşluq əlamətlərinə uyğun gəlib.
Bakı ş. Baş Polis İdarəsi və Xətai RPİ 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayın 7-də şübhəli şəxs qismində Şuşa ş. sakini, 22 yaşlı Abdulla İsmayılov saxlanılıb. Səhərisi gün Kəlbəcər rayon sakinləri, 27 yaşlı Emin Musayev və 23 yaşlı Loğman Rəhimov könüllü Xətai RPİ-nə təslim olublar.
Şahlar Məmmədov və qeyrilərinin olduqları çay evində quraşdırılmış təhlükəsizlik kameralarının videoyaddaşına baxış keçirilib. Baxış zamanı 5 nəfərin içəri daxil olaraq mərkəzdəki masada əyləşməsi müəyyən edilib. Saat 01:16-da Şahlar Məmmədov bir neçə dəfə əli ilə işarə edərək, qonşu masada əyləşmiş şəxslərdən birini yanına çağırıb, 2 dəqiqədən sonra o Emin Musayevin dostları ilə olduğu masada əyləşərək, qarşı tərəfdəki oğlanla söhbət edib. Saat 01:20-də əvvəlcə Şahlar Məmmədov, ardınca isə digər 5 şəxslər çay evindən çıxıb, pilləkənlərlə aşağı düşüblər.
Həbs edilən Abdulla İsmayılov hadisə zamanı Şahlar Məmmədovdan aldığı bıçağı "Azərsutikinti” xəstəxanasının həyətində gizlətdiyi yeri göstərib və həmin alət onun iştirakı ilə ordan götürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Emin Musayev ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, fevralın 6-na keçən gecə baş verən ilkin söz-söhbətdən sonra əvvəlcə Şahlar, onun ardınca isə Anar düşərək çay evinin arxa tərəfinə keçiblər. Loğman Rəhimovun sözlərinə görə, Emin Musayev onlardan 3-4 metr kənarda dodağı çapıq olan oğlanla söhbət edib, elə həmin anda Məmmədov bıçağını çıxarıb Anara zərbə vurub. Abdulla İsmayılov Şahların üstünə tullanaraq bıçağı onun əlindən alıb və ayağına xəsarət yetirib. Ətrafda olanlar kənara çəkilib. Abdulla bıçağı Şahların əlindən aldıqdan sonra, sonuncu səndəlliyə-səndəlliyə, habelə onların ünvanına nalayiq ifadələr işlədərək yuxarıya doğru addımlayıb. Eminlə Şahların arxasınca gediblər. Onunla kənarda söhbət edən oğlan Loğmanın üstünə gəlib və əlindəki bıçağı ona tərəf atıb. Cavab olaraq Rəhimov cibindən açılıb-bağlanan bıçağı çıxarıb, qorxutmaq məqsədilə ona doğru yelləyib və sonra yuxarı, binalara tərəf qaçıb. Yolun kənarında Abdulla və Eminin Şahları yerə yıxdıqlarını və başının üstündə əllərində bıçaqlarla dayandığını görüb. Loğman çatan kimi, Məmmədovun sağ bud hissəsindən təpiklə iki zərbə vurub. Həmin ərəfədə kimsə Anarın çoxlu qan itirdiyini və onu təcili xəstəxanaya çatdırmasını deyib. Onlar birlikdə Anarın yıxılıb, qaldığı yerə tərəf qaçıblar. Onu dövlət qeydiyyat nişanı yadında qalmayan "BMW” markalı avtomobilə mindirib xəstəxanaya aparıblar. Xəstəxananın həyətinə çatanda Abdulla Şahların əlindən aldığı bıçağı sağ tərəfdə daşın altında gizlətib. Abdulla İsmayılov hadisədən sonra əmisinin evinə gedib və baş verənləri ona danışıb. Hadisə vaxtı Loğman Rəhimovun hərəkətlərinin nədən ibarət olmasını görməyib. Anarın arxasınca xəstəxanaya gedərkən, Emin ona Şahları bıçaqladığını deyib. Musayevlə Rəhimov avtovağzala gedib, ordan avtobusla Lənkəran rayonuna yollanıblar. Lakin orda bir gün qaldıqdan sonra könüllü təslim olmağı qərarlaşdırıblar və ayın 8-də birlikdə Bakıya qayıdıblar.
Təqsirləndirilən Abdulla İsmayılov və Loğman Rəhimov da ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Hökmdən məhkum L.Rəhimovun müdafiəçisi apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Çıxarılan qərar barədə açıqlama verilməyib.
Xəbər 1028 dəfə oxunub.