Bakıda apteklərdə bəzi dərmanların qiymətləri bahalaşıb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu paytaxtın bəzi apteklərində aparılan müşahidələr göstərir.
Qeyd edək ki, qış mövsümü yaxınlaşdığı üçün qrip və soyuqdəymə əleyhinə olan dərmanlara tələbat artır.
Bakı şəhərində fəaliyyət göstərən bir sıra apteklərdə olduq. Metronun "Elmlər Akademiyası" stansiyasının ətrafındakı apteklərdə apardığımız araşdırmalar zamanı bir sıra dərmanların əvvəlkindən daha baha qiymətə satılmasının şahidi olduq.
Məsələn, qrip və soyuqdəymə əleyhinə istifadə olunan “Ferveks” əvvəl 50 qəpiyə satıldığı halda, hazırda sözügedən dərmanı alıcılara 60 qəpiyə təklif edirlər. “Teraflu” tozunun qiyməti isə 40 qəpikdən 50 qəpiyə qaldırılıb. Satıcılar isə qiymətlərin bahalaşmasının səbəbini izah etməkdə acizdirlər: “Bizə necə deyilirsə, o qiymətə də satırıq. Qiymətləri biz müəyyən etmirik”.
Ərazidəki digər bir aptekdə də eyni mənzərə ilə qarşılaşdıq. Hətta alıcının biri haqlı narazılığını bildirərək qeyd etdi ki, Səhiyyə Nazirliyinin Qaynar Xəttinə bununla bağlı şikayət edəcək: “Apteklər verilən tapşırıqlara riayət etmirlər. Biz qiymətlərin ucuzlaşmasını gözlədiyimiz halda, əksinə bəzi dərmanlarda 10 və ya 15 qəpik artım var”.
Metronun "Memar Əcəmi" stansiyasının ətrafındakı Kanon aptekində apardığımız müşahidələrdə isə başqa bir hal ortaya çıxdı. Reseptlə satıcıya yaxınlaşan alıcıların əksəriyyətinə eyni tərkibli başqa dərmanlar təklif olunurdu. Satıcılar bunu dərmanların bahalı olması və Azərbaycana daha gətirilməməsi ilə əlaqədar olması ilə izah etdi: “Həkimlərin yazdığı dərmanlar bizdə yoxdur. Amma eyni tərkibdə başqa adda dərmanlar var ki, həmin təsiri göstəririr. Elə dərman var ki, onu Azərbaycana gətirib sonra ucuz satmaq sahibkara sərf etmir. Ona görə də düşünürəm ki, sahibkarın o cür dərmanları ölkəyə gətirməyə marağı yoxdur”.