Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS Yayım və Media Şirkəti"nin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri çıxış edib.
"ANS Yayım və Media Şirkəti"nin nümayəndəsi ANS TV-də yayımlanan "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" verilişlərinin bir ay müddətinə dayandırılması barədə MTRŞ-nın qərarının ləğv edilməsini istəyib.
Hakim işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Qeyd edək ki, MTRŞ-nın sentyabrın 30-da keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. MTRŞ-nın qərarında qeyd edilib ki, ANS televiziyasının efirində yayımlanan "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq yayımın 5 oktyabr 2015-ci il tarixdən etibarən bir ay müddətinə dayandırılsın.