Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS ÇM Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.
Aktual.az-ın apa.az-a istinadən məlumatına görə, proses hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilib. Prosesdə ANS-in prezidenti Vahid Mustafayev və vitse-prezidenti Mirşahin Ağayev iştirak edib.
Prosesdə MTRŞ-nı vəkil Nemət Cavadov təmsil edir.
ANS-in nümayəndəsi çıxışında bildirib ki, şirkətə bu qərara görə maddi və mənəvi ziyan dəyib: “Şirkətdə 1000-ə yaxın əməkdaş işsiz qalıb. Şirkətimizə çox ziyan dəyir. Bizim işin Ali Məhkəməyə getməsinə qədər dözməyə vaxtımız yoxdur. Ona görə 18 iyul tarixli qərarın ləğv edilməsini və ANS ÇM-in fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edilməsini xahiş edirik”.
MTRŞ-ın Aparat Rəhbəri Toğrul Məmmədov vəsatətin təmin edilməməsini istəyib.
ANS-in prezidenti Vahid Mustafayev deyib ki, heç bir qərardad olmadan gəlib şirkəti bağlayıb, onları oradan çıxarıblar: “Bizi indiyə qədər ora buraxmırlar. Sərəncama görə, lisenziyan alınıb-verilməsi iyulun 1-dən İqtisadiyyat Nazirliyinə verilib. Bu qurum nə haqla bizim lisenziyamızı əlimizdən alıb?! Onlar yaxşı bilsinlər ki, bu günün sabahı var. Bu qanunsuzluqlar aradan qaldırılmalı və bizim şikayətimiz təmin edilməlidir”.
Hakim V.Mustafayevi sakitliyə dəvət edib. Vahid Mustafayev deyib ki, ilk dəfədir məhkəmə zalına gəlirlər: “Biz səngərlərdə, döyüşlərdə olmuşuq. Bu xalq üçün döyüşmüşük. Sinirlərimiz pozulub. Biz neyləmişiksə, bu Vətən üçün eləmişik”.
ANS nümayəndəsi bildirib ki, “ANS Kommers” xarici şirkətlərlə reklam müqavilələri imzalayıb. “Reklamlarla bağlı müqavilələr bağlanıb və bunlar maddi cəhətdən təmin edilib. 18 iyul qərarından sonra reklamlar efirə verilmir və müştərilərin qarşısında borclu qalıb. Ona görə “ANS Kommers”in 3-cü tərəf kimi məhkəməyə cəlb edilməsi ilə bağlı vəsatət veririk”.
Vahid Mustafeyev deyib ki, beynəlxalq şirkətlərlə müqavilələri var: “Hələ ki biz onların bu işə qarışmasının qarşısını alırıq və onlara deyirik ki, bu işi həll edəcəyik: “ANS Kommers” şirkətinə yüz minlərlə manat ziyan dəyib, şirkətimiz batır”.
MTRŞ nümayəndəsi vəsatətin təmin edilməməsini istəyib. Hakim vəsatəti təmin etməyib.
ANS nümayəndələri məhkəmənin qərəzli keçirildiyini bildiriblər: “Bizə vaxt verin, sizə etiraz edək”.
V. Mustafayev məhkəmədə çıxış edib: “Siz tarixdə qalacaqsınız. Ona görə də diqqətlə düşünün. Biz Azərbaycan üçün çox şeylər eləmişik. Burda ciddi işlər gedir. Siz dövlət ittihamı verirsiz. Biz xarici holdinqləri ölkəmizə cəlb etmişik. Milyonlarla pul verilib. Onlar o boyda pulu iqtisadiyyatımıza yönəldiblər. Biz Azərbaycanı təmsil edirik. Başa düşürsünüz, bu adi bir iş deyil. Bu, mənim bütün həyatımdı. Həyatımı bu yolda qoymuşam. Xahiş edirəm, bir insan kimi başa düşün. Biz bir olaq, dövlətimizi inkişafa aparaq. İndi onlar bizdən pullarını tələb edirlər. Mən onlara nə cavab verim? Onlar sabah digər televiziyalardan, radiolardan da pullarını çəkəcəklər. Çünki artıq inanmırlar. Bizə deyirlər ki, necə ola bilər, bir günün içində televiziya bağlansın?! Bizə kömək edin, onlara bir cavab verək. Bizim digər şirkətlərimiz işləyir. Bizi bu ölkədə heç kim düşmən bilmir. Əməkdaşlarımızın çox problemləri var. Hərənin ailəsində xəstəsi var. Biz onların pulunu verə bilmirik. Xahiş edirəm ki, bizə kömək edin”.
MTRŞ-ın nümayəndəsi iddiaya etirazını təqdim edib.
Tərəflərin iddia ilə tanış olması üçün məhkəmədə sentyabrın 6-na qədər fasilə elan edilib.
Aktual.az