Andorra baş naziri Antoni Marti aprelin 27-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Marti komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Forum çərçivəsində qlobal problemlərin müzakirəsinə qatılacaq və bir sıra görüşlər keçirəcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorra hökuməti ilə sıx əməkdaşlıq edir. Belə ki, III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə 2014-cü ilin sentyabr ayında Andorranın paytaxtı Andorra La Vella şəhərində “Avropada etimadın bərpa olunması” mövzusunda beynəlxalq konfrans və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VII toplantısı keçirilib. Toplantıda Mərkəzin həmsədrləri və üzvləri ilə yanaşı, Andorra Parlamentinin sədri Visenç Mateu, Andorranın sabiq hökumət başçısı Oskar Ribas da iştirak edib.
Xatırladaq ki, “Yeni dünya düzənində etimadın bərpası” mövzusuna həsr edilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda regiondakı münaqişəli məsələlər, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu kimi bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.