“Bundan əvvəl 4 dəfə ərdə olub”.
Yevlax rayonunda oğulun öz anasını öldürərək kanalizasiya quyusunda basdırmasının səbəbləri bəlli olub.
Aktual.az xəbər verir ki, Yevlax Rayon Prokurorluğundan ANS-ə verilən məlumata görə, rayonun Aşağı Bucaq kəndində qətli törədən 1981-ci il təvəllüdlü Musa Nəzər oğlu Nəsirov dindirilmə zamanı 1951-ci il təvəllüdlü anası Ofeliya Abdullayevanı öldürməsinə səbəb kimi onun ərə getmək istəyini göstərib. Oğulun sözlərinə görə, qadın 5-ci dəfə ailə qurmaq niyyətində olub.
Musa Nəsirovun sözlərinə görə, ailə daxili münasibətləri o qədər də yaxşı olmayıb:
“Anam bundan əvvəl 4 dəfə ərə gedib. Sonuncu həyat yoldaşı da öləndən sonra bu ilin mart ayında evə qayıtdı. Hadisə baş verən gün, yəni avqust ayının 20-də yenidən ərə getmək istədiyini bildirdi. Mən isə onu bu addımından çəkindirməyə çalışdığım zaman anam məni təhqir etdi. Mənə dedi ki, “sən necə kişisən, heç bir işin sahibi deyilsən. Mənim təqaüdümlə dolanırsan”. Mən isə əsəbiləşərək onu itələdim və o, yıxıldı. Bu zaman anam daha ağır sözlərlə məni təhqir etdiyi üçün masanın üzərindəki bıçaqla ona arxadan bir zərbə endirdim”.
Hadisə baş verən gün evin gəlini Ağdaş rayonuna atasının evinə qonaq gedib. Bu səbəbdən də evdə heç kim olmayıb. M.Nəsirov bundan istifadə edərək anasının cəsədini ayaqyoluna atıb, quyunun üstünü isə torpaqlayıb.
Qətldən sonra evə qayıdan Musanın həyat yoldaşı Ülkər ərindən qayınanasının yerini soruşub. Musa Nəsirov isə anasının müalicə üçün Bakıya getdiyini, lakin yerini bilmədiyini deyib.
Lakin iki ay sonra Ülkər Nəsirova ərinin davranışlarından və qayınanasından uzun müddətdir xəbər olmamasından şübhələnib. O, şübhələri barədə atasına da məlumat verib. Bundan sonra polisə müraciət edən qadın ərinin hərəkətlərinin qəribəliyini və gecələr yuxudan durub gəzdiyini deyib.
Polis əməkdaşları şikayət əsasında Musa Nəsirovu saxlayıblar və ilkin dindirilmədə hadisəni törətdiyini etiraf edib və anasının cəsədi basdırdığı yeri göstərib.
Prokurorluqdan bildiriblər ki, o, anasını basdırdıqdan bir neçə gün sonra içərisinə su dolduğunu deyərək tualetin yerini dəyişib.
Qətli törədən şəxsin iki oğlu var.
Hüquq-mühafizə orqanları əməkdaşları oğulun öz anasını öldürərək basıdırmasının üstünü ötən gün açıblar.