İsmayıllı rayonunda bir ailənin iki üzvü bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18:30 radələrində İsmayıllının Talıstan kəndində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Qasımlı Yeganə Ağaməmməd qızı azyaşlı övladını, 2010-cu il təvəllüdlü Qasımlı Fərid Cavid oğlunu yaşadığı evin hamam otağında çimizdirərəkən hər iksi dəm qazından zəhərlənərək ölüb. İlkin məlumata görə hamamda kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı içəri dolaraq zəhərlənməyə səbəb olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ana və övladının meyidi hazırda Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsində müayinə edilir. Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Aktual.az