Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad şəhər sakini, 33 yaşlı Xanım Yusubova müayinə olunmaq üçün yaxınları tərəfindən xəstəxanaya gətirilib. Müayinə zamanı həkimlər anada təbii doğuşun təhlükəli nəticəyə səbəb olacağını əsas gətirərək onu təcili qeysəriyyə əməliyyatına götürüblər. Oğlan uşağı dünyaya gətirən ananın vəziyyəti əməliyyatdan sonra qəfildən pisləşib.
Cəlilabad MRX-dan bildirilib ki, həkimlərin səylərinə baxmayaraq anada başlayan qanaxmanın qarşısını almaq mümkün olmayıb. Xəstənin vəziyyəti getdikcə ağırlaşdığından təcili olaraq Bakıdan ixtisaslı həkim briqadası da çağırılıb. Həkim briqadasının müşayiəti ilə qadın Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə göndərilib. Görülən tədbirlərə baxmayaraq Xanım Yusubova orada dünyasını dəyişib.
Ölümə səbəb kimi hamiləliklə bağlı olmayan xəstəlik göstərilib.