"Gənc alim və mütəxəssislər üçün hər cür şərait yaradılacaq. Alimlərin sosial-məişət və mənzil problemlərinin həlli, onların yaradıcı fəaliyyətinin stimullaşdırılması və xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində addımlar atılır".
Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə gənc alim və mütəxəssislər, dissertant və doktorantlarla görüşündə deyib.
Akademikin sözlərinə görə, AMEA-nın yüksək kadr hazırlığına nail olmaq və istedadlı gənclərin potensialından səmərəli istifadə etmək üçün bütün qüvvələr səfərbər edilir.
A.Əlizadə həmçinin qeyd edib ki, bu gün Azərbaycan elmində ciddi islahatlar aparılır: "Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. məqamlar xüsusi aktuallıq kəsb edir".