Azərbaycan elmi tarix boyu bəşəriyyətin inkişafına mühüm töhfələr verib. Ölkəmiz dünya elminə görkəmli alimlər bəxş edərək elmi nailiyyətlər sahəsində seçilmiş məmləkət kimi diqqət çəkmişdir. Akademiklər Yusif Məmmədəliyev, Əziz Əliyev və Zərifə Əliyeva, digər alimlərimiz kimi görkəmli şəxsiyyətlərin elmi irsi, xüsusilə kimya, tibbdə oftalmologiya və digər sahələrdə hələ də aktual tədqiqatların əsasını təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) isə milli elmin mərkəzi kimi ölkənin elmi infrastrukturu və araşdırma fəaliyyətində strateji rol oynayır.
Aktual.az xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
Deputat qeyd edib ki, akademiyanın 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin iştirakı, AMEA-nın elmi nailiyyətlərinin yüksək qiymətləndirilməsi və gələcək tədqiqatların inkişaf perspektivlərinə dair əhəmiyyətli tövsiyələri elmimizin daha da inkişaf etdirilməsi üçün məsuliyyət və strateji yanaşmanın vacibliyini bir daha ortaya qoydu.
Prezident çıxışında qeyd etdi ki, Azərbaycan Milli Elmlər Akademiyası 80 illik fəaliyyəti ərzində ölkəmizin elmi, texnoloji və iqtisadi potensialının inkişafında mühüm rol oynayıb. Akademiyanın yaranmasından etibarən dövlət elmin inkişafını prioritet sahə kimi dəstəkləyib. Sovet dövründə gənclərin ali məktəblərə göndərilməsi, yeni elmi institutların yaradılması və araşdırmaların maliyyələşdirilməsi ölkənin intellektual potensialını gücləndirib və elmin müxtəlif sahələrdə inkişafına zəmin yaratmışdır. Ölkəmizin başçısı müstəqillik dövründə akademiyanın roluna toxunaraq söylədi ki, dövlət tərəfindən elmin maliyyələşdirilməsi artırılıb, yeni kitabxanalar, laboratoriyalar və elmi infrastruktur yaradılıb. Müasir dövrdə akademiya, xüsusilə süni intellekt, rəqəmsallaşma, nanomateriallar və kibertəhlükəsizlik kimi sahələrdə geniş tədqiqatlar aparır. Dövlət Proqramları və qanunvericilik vasitəsilə elmin inkişafı davamlı şəkildə dəstəklənir, bu da gənc tədqiqatçıların yetişdirilməsinə və beynəlxalq əməkdaşlıqların genişlənməsinə şərait yaradır. Hərbi sənaye sahəsi də sürətlə inkişaf edir. Pilotlu və pilotlu olmayan uçuş aparatları, müasir müdafiə texnologiyaları və robot texnikası Azərbaycanın müdafiə potensialını gücləndirir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgələrində bərpa işləri, enerji layihələri və geoloji tədqiqatlar aparılır. Bu sahələr ölkədə iqtisadi inkişafı stimullaşdırmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına və yerli texnologiyaların inkişafına töhfə verir.
Prezident İlham Əliyev akademiyanın fəaliyyəti həm elmi, həm texnoloji, həm də iqtisadi sahələrdə Azərbaycanın inkişafını sürətləndirdiyini vurğulayaraq bildirdi ki, gələcəkdə texnologiya, enerji, geoloji tədqiqatlar və innovativ sənaye sahələri prioritet olaraq qalacaq və ölkənin dayanıqlı inkişafını təmin edəcək. Elmin müxtəlif sahələrdə tətbiqi və yeni texnologiyaların hazırlanması Azərbaycanın beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır və ölkənin strateji inkişafına töhfə verir.
Deputat sonda bildirib ki, ölkə başçımızın qeyd etdiyi kimi Azərbaycan Milli Elmlər Akademiyasının həm tarixən, həm də bu gün ölkənin elmi potensialının formalaşmasında və inkişafında mərkəzi əhəmiyyət kəsb edib. Akademiyanın fəaliyyəti elmi araşdırmaların genişləndirilməsi, texnoloji yeniliklərin tətbiqi və ölkədə iqtisadi inkişafın dəstəklənməsi baxımından önəmlidir. Şübhəsiz ki, bu dəstəyə məsuliyyətlə yanaşmaq elmimizin inkişafına daha geniş imkanlar açır və elmi fəaliyyətin hərtərəfli təkmilləşdirilməsi üçün məsuliyyət anlayışını gücləndirir.
Xəbər 340 dəfə oxunub.