“Altılı masa”nı tərk edən Akşenerdən gözlənilməz gediş

“Altılı masa”nı tərk edən Akşenerdən gözlənilməz gediş

Martın 4-də Türkiyədə beş müxalif partiyanın - CHP, Demokratik Partiya, Səadət Partiyası, DEVA Partiyası və Gələcək Partiyası sədrlərinin görüşünün ardınca İYİ Partiyanın sədri Maral Akşener "Altılı masanı” tərk etdikdən sonra digər beş siyasi partiyanın sədrləri Səadət Partiyasının qərargahında bir araya gəlib.

Toplantıda CHP-nin sədri Kamal Kılıçdaroğlu, Demokratik Partiyanın sədri Gültekin Uysal, DEVA Partiyasının sədri Əli Babacan, Səadət Partiyasının sədri Temel Karamollaoğlu və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu iştirak edib. Görüşdə eyni istiqamətdə çalışmağı davam etdirmək qərara alınıb. Prezidentliyə namizədin adının martın 6-da açıqlanacağı bildirilmişdi.

Qəzetimiz çapa gedərkən hələ müxalifət düşərgəsi namizədini müəyyən edə bilməmişdi. Bu istiqamətdə ciddi proseslər yaşanır, müxalifət liderləri arasında görüşlər ard-arda keçirilirdi. Əsas hədəf də M.Akşeneri yola gətirmək, K.Kılıçdaroğluna dəstək verməyə razı salmaq idi.

Bunun üçün İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyə sədri Mansur Yavaş Akşenerlə görüşüblər.

Azpost.info xəbər verir ki, İYİ Partiyanın qərargahında baş tutan görüşə gələn Akşener jurnalistlərin suallarını cavablandırmayıb.

Amma partiya sədrinin müavini Ümit Dikbayır son vəziyyət və görüşlə bağlı "yaxşı olacaq” deməklə kifayətlənib.

20 dəqiqə davam edən görüşdən sonra İmamoğlu və Yavaş qısa açıqlama veriblər.

"Zəlzələ ilə üzləşdiyimiz çətin günlərdə "Altılı masa"nın ölkəmizin gələcəyi üçün çox əhəmiyyətli olduğunun fərqindəyik. Hörmətli sədrimizlə hisslərimizi bölüşdük", - İmamoğlu deyib.

"Bizim bu hadisələri masa arxasında izləmək imkanımız yoxdur. Yaraları sağaldacaq şəkildə bir araya gəlmək millətimizin arzusudur. Dəyərləndirəcəklər”, - Yavaş bildirib.

İYİ Partiyasının sözçüsü Kürşad Zorlu isə görüşdən sonra bunları deyib: "Millətin səsi, millətin iradəsi olmağın məsuliyyətini hiss edən sədrimiz millətimizin səsinə uyğun yeni əhatəli təkliflə "Millət İttifaqı"na öz təklifini formalaşdırıb. O, 13-cü prezidentin iki bələdiyyə sədrindən (İmamoğlu, Yavaş) biri olması ilə bağlı təkliflərini çatdırdı. Təkliflər hörmətli Kılıçdaroğluna təqdim olunacaq. Danışıqlar prosesi davam edəcək".

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İYİ Partiyanın sədri Meral Akşenerlə görüşmək üçün partiyanın qərargahına yollanıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı "Halk Tv” yayıb.

Qəzetimiz çapa gedənədək görüşün nəticəsi barədə məlumat yox idi.

Ümumiyyətlə, Türkiyədə seçkinin taleyini həll edəcək kəsim hansı olacaq, öz mövqeyini dəqiqləşdirməyən kəsim, yoxsa? Zaman kimə işləyir?

Elşən Musayev də yenidən parlamentə seçilməyə çalışacaq

Elşən Musayev: "Ərdoğana qalib gəlmək mümkün deyil”

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Ərdoğana qalib gəlməyi mümkünsüz sayır: "Türkiyədəki seçki prosesini hər birimiz yüksək maraq və həyəcanla izləməkdəyik. Çox az zaman qalıb. Bir neçə həftədən sonra gedişat daha da intensivləşəcək və yekun qərarı heç şübhəsiz ki, Türkiyə vətəndaşı verəcək, hər şeyi türk xalqının iradəsi müəyyənləşdirəcək. Təbii, məlum seçkinin əsas favoriti cənab Ərdoğandır və bir azərbaycanlı olaraq biz Ərdoğandan yanayıq, onu dəstəkləyirik. Eyni zamanda həmin dəstək üçün səbəblərimiz də yetərincədir. Birincisi, Rəcəb Tayyib Ərdoğan ən çətin, ən həssas, ən lazımlı günlərdə Azərbaycanın yanında olub. İkincisi, cənab Ərdoğan istənilən məkanda, istənilən beynəlxalq tribunada dövlət haqqı, dövlət maraqları müdafiə olunarkən Azərbaycanı Türkiyədən ayırmayıb. Üçüncüsü, Ərdoğan yalnız Türkiyəyə deyil, elə Azərbaycana qarşı da mənfur planlar cızan qüvvələrin önündə dəyanətlə dayanan ən böyük canlı istehkamlardan biri olub. Dördüncüsü, Ərdoğan 44 günlük Vətən müharibəsində özünü bir tək Türkiyə Prezidenti kimi deyil, həm də azərbaycanlı kimi aparıb, qarabağlı kimi aparıb. Şuşaya getməyi bizim qədər arzulayıb, qələbəyə bizim qədər köklənib. Və nəhayət: Ərdoğan çox böyük siyasətçidir, əsl dövlət adamıdır, qardaş Türkiyəni işıqlı gələcəyə aparan ləyaqətli liderdir!

Açığı, mən Ərdoğanın qarşısındakı rəqibləri çox zəif görürəm. "Altılıq” deyilən müxalif təşkilat heç siftə eləməmiş parçalandı. Yəqin bundan sonra da azala-azala gedəcəklər. Axıra güman ki, ən uzağı "ikilik” qalacaq. Çünki həmin birlikdə qərarlaşan müxalifətçilər bir-biri ilə yad təfəkkürdə olan və bir-birini həzm etməyən siyasətçilərdir. Düzdür, onlar hansısa rəqabət mənzərəsini yaratmağa çalışacaqlar, populizmlə səs toplamağa cəhd edəcəklər. Amma yekunda arzuladıqları nəticə olmayacaq. Ərdoğana qalib gəlmək mümkün deyil. Türkiyənin hazırkı prezidenti böyük səs üstünlüyü ilə qələbə qazanacaq. Çünki o, həm dəyanəti, həm də müdrikliyi ilə çox böyük işlər görüb, özünü təsdiq edib, Türkiyə vətəndaşlarının hörmətini, rəğbətini qazanıb".

Əhəd Məmmədli:

Əhəd Məmmədli: "Ərdoğan Akşenerə ciddi post da verə bilər”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Ərdoğan-Akşener birliyini də mümkünsüz saymır: "Altılı masanın vahid namizədlə çıxa bilməyəcəyi aydın idi. Yəni gözlənilməyən heçnə baş vermədi. Altılı masanın ikinci güclü partiyası olan İYİ-nin oranı tərk etməsi prezident seçkiləri öncəsi əsas müxalifət birliyinə ciddi zərbə oldu. Nəzərə alsaq ki, prezident seçkiləri ilə bərabər parlament seçkiləri də olacaq, altılı masada barajı keçmək qüdrətində olan iki partiya var idi, CHP və İYİ Parti. Müxalif masadakı digər partiyaların parlamentə keçmək üçün CHP-yə ehtiyacları var. İYİ Partinin bu baxımdan CHP-dən asılacağı yoxdur. Ona görə Akşener çox rahat hərəkət edir. Ümumiyyətlə, Meral Akşeneri Türkiyə yeni siyasətində Tansu Çillərdən sonra ən güclü xanım siyasətçi hesab edirəm. O ki qaldı xanım Akşenerin iqtidarın Cümhuriyyət blokuna qoşulması barədə təxminlərə, fikrimcə, bu barədə danışmaq hələ tezdir. Lakin seçkilərdən sonra İYİ Partiyanın Cümhur İttifaqına qoşulmasını mümkün sayıram. Hətta gələcək konfiqurasiyada Ərdoğan Akşenerə ciddi post da verə bilər. Ola bilsin ki, artıq bu haqda konfedensial danışıqlar da gedir. O ki qaldı seçkilərin taleyinə, fikrimcə, bu seçkinin taleyi artıq həll olunub. Bəlkə bu sözlərim qəribə görünə bilər. Fikrimcə, seçkilərin taleyini zəlzələ və bu faciədən sonra Tayyip Ərdoğanın çətin vaxtda xalqı dövlətin ətrafında toparlamaq bacarığı həll etdi. Türkiyə böyük dövlət, Türk böyük xalqdır. İnşallah, bunu da atladacaq və daha da güclü çıxacaq. Bütün cəhdlərə rəğmən müxalifət yenə uğursuzluğa düçar olacaq, Ərdoğan birinci turdaca qalib olacaq”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı: "Akşener-İncə ittifaqı Ərdoğana yaxınlaşa bilər”

Siyasi analitik Asif Nərimanlının da fikirləri fərqli deyil: ""Altılı masa" deyilən və artıq beş partiyadan ibarət olan ittifaqın vahidin namizədinin Kılıçdaroğlu olacağı zatən gözlənilirdi. Fikrimcə, namizədin Kılıçdaroğlu olması artıq Ərdoğanın seçki öncəsi bir sıfır önə çıxması deməkdir. Çünki Türkiyənin ictimai rəyində Kılıçdaroğluna inam azdır, hətta CHP-lilər arasında da belə onu dəstəkləməyənlər var. Akşenerin gedişi və verdiyi açıqlamalar müxalifət üçün "qan itkisi” hesab edilə bilər, bu da seçkidə "siyasi ambisiyalar uğrunda mübarizə” rəyini gücləndirir, xüsusilə zəlzələnin vurduğu yaralar fonunda müxalifətin daxili çaxnaşması onların əleyhinə görünür. Həm də AKP-nin xeyrinədir, iqtidar zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində fəal işləməklə həm də seçki kampaniyasında xal qazana bilər. Ümumilikdə zamanın müxalifətin ziyanına işlədiyini deyə bilərik. Ərdoğanın rəqibləri namizədin müəyyən edilməməsi, daxili çaxnaşmalarla "qan itirir”. İndi əsas məsələlərdən biri Akşenerin kiminlə ittifaqa gedəcəyidir. "Cümhur ittifaqı” ilə ittifaqa gedəcəyi gözləntisi olsa da, Ərdoğan bunu təkzib etdi, lakin seçki ikinci tura qalarsa, belə bir addımın atılması ehtimalı da gözardı edilməməlidir. Bunun fonunda Akşenerin İncə ilə ittifaqı da mümkün ehtimallardan biridir. Fikrimcə, seçki ikinci tura qalarsa, mümkün Akşener-İncə ittifaqı Ərdoğana yaxınlaşa bilər. Bu iki partiyanın Türkiyənin gələcəyi iə bağlı seçdiyi xətt "altılı masa”da qalan 5 partiyadan fərqlənir, xüsusilə HDP məsələsində. Seçki günü nəticəyə təsir edəcək kəsimin isə daha çox "arada qalanlar” ola biləcəyini demək mümkündür. Türkiyə seçkilərində son anda qərar verən kəsim həmişə təsirli olub, bu dəfə isə belə kəsim daha çoxdur".

Xəbər 1187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR