Yaz aylarında təbiət canlanır. Çiçəklərin açması və bunun nəticəsində ortaya çıxan tozcuqlar insanlarda mövsümi allergik narahatlıqlara səbəb olur.
Aktual.az xəbər verir ki, yaz soyuqdəyməsinə qarşı həssas orqanizmi olan insanlar tozlanmadan, havanın tez-tez dəyişməsindən təsirlənirlər. Türkiyəli qulaq, burun, boğaz xəstəlikləri mütəxəssisi Serkan Yağçı bu cür insanlara səhərin erkən saatlarında evin havasını dəyişməyi məsləhət görür. Aile.lent.az uzmanın yaz soyuqdəymələri ilə bağlı digər fikirləri və məsləhətləri ilə sizi də tanış edir.
S. Yağçı bildirir ki, bu dövrlərdə xəstələr burun tutulması, burun qaşıntısı, bir-birinin ardınca 5-6 dəfə asqırma, göz altlarında bənövşəyilik, şişmə, gözlərdə qızartı, dad və qoxu duyğularında azalma kimi şikayətlərlə müraciət edirlər: “Bunun əsas səbəbi çiçək tozcuqları, ev tozu axarları, kif göbələkləri və ya heyvan tüklərinə qarşı bədənimizin göstərdiyi reaksiyadır. Bu reaksiya insanın orqanizmindən asılı olaraq şiddətli reaksiya da verə bilər. Bu, allergiyanın təsir müddəti və dərəcəsindən asılıdır. Allergik təsirlənmə müddətindən asılı olaraq şiddətin simptomları da artır. Xüsusilə xəstələrdə burun tutulmalarına bağlı olaraq yuxu problemləri yaranır. Nəticədə isə insanın iş və məktəb fəaliyyətlərinin keyfiyyəti aşağı düşür. Burun tutulmasının uzun müddət davam etməsi isə orta qulaq iltihabları, qulaqlarda maye yığılması, bəzi sinusit iltihablarına səbəb olur. Hətta astma, aşağı tənəffüs yolları xəstəlikləri də baş qaldırır”.
Uşaqlarda və gənclərdə çox rast gəlinir
Həkim bildirir ki, yaz allergiyası uşaq və gənclərdə daha çox rast gəlinir. Xüsusilə, astması və ailəsində allergiyası olan xəstələr daha həssasdır: “Diaqnoz qoyarkən xəstəsindən aldığımız məlumatlarla birlikdə fiziki müayinə də edirik. Bu narahatlığın müalicəsində ilk pillə təbii ki, xəstələri allergik səbəblərdən qorumaqdır. Astması və ya allergiyası olan xəstələrə yaz aylarında evlərini havalandırmalarını, səhərin erkən saatlarında, tozcuqlar yayılan zaman otağı ventilyasiya etmələrini, açıq havada çox gəzməmələrini, bağ-bağça işləriylə məşğul olmamalarını məsləhət görürük. Toz maskası və eynəkdən istifadə faydalı olar. Xüsusilə çöldən evə gəldikdə, çöldə üzərimizə yapışan toz və tozcuqları evə gətirmək olmaz. Bunun ən yaxşı yolu evə çatan kimi paltarları çırpmaq, yumaq və duş almaqdır. Paltarlar çöldə qurudulmamalıdır. Ev və maşında olan kondisionerlərə toz filtrləri taxılmalıdır”.
Mütəxəssis simptomları çox şiddətli olan xəstələrə həkim nəzarəti altında allergiya yönümlü həblər, burun spreyləri və peyvənd müalicələri tətbiq etməyi məsləhət görür. Bununla yanaşı, burun sümüyündə əyrilik, burun ətlərinin şişkinliyi və ya sinus problemləri olan insanlar cərrahiyyə əməliyyatı etdirməlidirlər. Lakin həkim vurğulayır ki, təklif edilən cərrahi müdaxilə allergiya narahatlığının aradan qaldırılması məqsədilə deyil, bu problem nəticəsində meydana gələ biləcək çətinliklərin şiddətinin azaldılması məqsədi daşıyır.