Alkoqolizm və narkomaniyadan müalicə məcburi olacaq

Alkoqolizm və narkomaniyadan müalicə məcburi olacaq

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1364-IVQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 17-1-ci maddə əlavə edilir:

"Maddə 17-1. Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin xüsusiyyətləri

17-1.1. Azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir.

17-1.2. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17-1.3. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlara təyin edilmiş məcburi müalicə kursu başa çatdıqda, müvafiq icra hakimiyyəti orqanının həkim-məsləhət komissiyası (bundan sonra - həkim-məsləhət komissiyası) aparılmış tibbi xarakterli məcburi tədbirlərin qiymətləndirilməsini həyata keçirir. Aparılmış tibbi xarakterli məcburi tədbirlərin həkim-məsləhət komissiyası tərəfindən qiymətləndirilməsi qaydası bu Məcəllənin 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.

17-1.4. Cəzaçəkmə müəssisəsində cəza çəkən narkoloji xəstə məhkumların səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşması səbəbindən barəsində təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi məsələsi həkim-məsləhət komissiyasının tibbi rəyi əsasında məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı ilə cəzanın çəkildiyi yer üzrə məhkəmə tərəfindən həll edilir.

17-1.5. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir.

17-1.6. Şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.

17-1.7. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır.

17-1.8. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir.

17-1.9. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və ya məcburi müalicə müddətinin uzadılması "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məhkəmənin qərarı əsasında həyata keçirilir.".

Xəbər 674 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR