“Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olub. Gördüyümüz işlərin mahiyyəti odur ki, daha güclü dövlət yaradaq ki, xalqımız rifah içində, təhlükəsiz şəraitdə yaşasın”.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması təbii haldır: “Xalqımızın vahid amal ətrafınla birləşməsi, uğurlarımız bunu təmin edir. Baxmayaraq ki, ətraf ölkələrdə qarşıdurmalar baş verir. Belə olan halda Azərbaycan nümunəsi dünya üçün əhəmiyyətlidir və bir çox yerdə Azərbaycan təcrübəsi öyrənilir. Azərbaycan demokratiya yolu ilə sürətlə irəliləyir. Bu bizim şüurlu seçimimizdir. İqtisadi inkişaf demokratik prosesdən kənar təmin oluna bilməz. Ona görə də Azərbaycanda iqtisadi və demokratik islahatlar paralel aparılır. Parlament seçkiləri də bunu sübut etdi, seçkilər şəffaf keçdi, Azərbaycan xalqının arzuları tam təmin edildi. Seçkinin nəticələri apardığımız siyasətə xalqımızın böyük dəstəyini ortaya qoydu. Ona görə də xalqımıza minnətdaram. Xalqımızı əmin etmək istəyirəm ki, dünyadakı böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf edəcək”.
Prezident İlham Əliyev bildirib ki, ölkə iqtisadiyyatının əsas göstəricisi qeyri-neft sənayesinin 8,4 faiz artmasıdır: “Kənd təsərrüfatına da son vaxtlar xüsusi diqqət göstərilir, bu sahədə 6,4 faiz artım olub. Çalışmalıyıq ki, böhranlı şəraitdə də iqtisadiyyatımız inkişaf etsin, 2016-cı ildə yeni iş yerləri, müəssisələr yaradılsın”.