Biz Yataqxana sakinləri 2016-cı
ildə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12-də yerləşən AMEA-nın
Aspirantlar yataqxanası sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə ünvanladığımız müraciəti yenidən Dövlət Başçısına ünvanlayaraq bildirmək istəyirik
ki, bu müraciətdə qeyd olunan bütün
qanunsuzluqları AMEA prezidenti və onun ətrafındakı özbaşına məmurlar bu günə
kimi (2019-cu ilə kimi) həyata keçiriblər və mənzil almaq hüquqlarımızı pozaraq Sizin humanistliklə
imzaladığınız layihəni AMEA və Sipark ( "Evro Stroy-S” MMC) inşaat öz mənfəət bazalarına çeviriblər. Bu gün də bu qanunsuz əməlləri davam edir. Sipark inşaatla AMEA bizə ayrılan mənzilləri sataraq bizi evsiz qoyublar.
Müraciət ünvanlanandan bu günə kimi bizim problemimiz öz həllini tapmamış, təəssüflər
olsun ki, səsimizi də Sizə onların havadarlarının hesabına çatdıra bilməmişik. Biz sakinlər bu yataqxanaya qanuni
yollarla gəlmişik, vaxtı ilə AMEA əməkdaşı
olmuşuq və bu gün də AMEA əməkdaşlarıyıq, amma AMEA rəhbərliyi və Sipark inşaat əlbirliyi ilə bütün qanunları pozaraq bizim mənzillərimizi
mənimsəyərək Sizin verdiyiniz göstərişı həyata keçirməyərək, bizləri Dövlətdən
narazı salaraq Sizin idarə etmə imicinizə ziyan vururlar.
Cənab Prezident, bizim pozulan hüquqlarımızın
bərpası istiqamətində qəti addımlar atıb bu məmur özbaşınalığına son qoyaraq, bizi mənzillə təmin etməyinizi Sizdən xahiş edirik.
Azərbaycan
Respublikasının Prezidenti
cənab
İlham Əliyevə
Cənab Prezident!
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
yataqxanasında yaşayan 118 ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Bakı
şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında yerləşən "Aspirantlar
yataqxanası”na aid ərazidə 4 bloklu yeni yaşayış evi tikilib.
Bu tikinti AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun
və aspirantlar yataqxanası sakinlərinin Sizə olan müraciətlərinə müsbət cavabınızdan
sonra mümkün olub. AMEA ilə (indiki Sipark) "Evrostroy-S”
MMC arasındakı razılaşmada tikilən yeni binada yataqxana sakinlərinin mənzillə
təmin olunmaları əsas şərt olub, həmin 118 ailə bu günə qədər yeni mənzillərini
gözləməkdədirlər, bu vaxta qədər həmin mənzillərin əsil sahiblərinə verilməsi ləngidilir.
Məsələnin həlli ilə əlaqədar sakinlər müxtəlif
instansiyaların qapılarını döymələrinə baxmayaraq heç bir nəticə yoxdur.
Cənab Prezident, sizdən
xahiş edirik, xoş niyyətlə verdiyiniz göstərişin icrasının tamamlanmasına, sakinlərin
yuxarıda göstərilən probleminin həll edilməsinə, sakinlərin haqlı
narazılıqlarına son qoyulmasına kömək edəsiniz.
Problemin mahiyyəti isə aşağıdakı kimidir.
22 fevral 2011-ci ildə AMEA-nın
mərhum Prezidenti Mahmud Kərimov Azərbaycan Respublikasının Prezidentinə
müraciət edərək və aspirantlar yataqxanasının həmin dövrdəki sakinlərinin Azərbaycan
Respublikasının Prezidentinə 27.09.2012 və 20.10.2012 tarixlərində
teleqramlarla müraciət edərək, AMEA-nın balansında olan və Bakı şəhəri, Yasamal
rayonu, Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən yataqxanada yaşayan
sakinlərin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə həmin yataqxananın
özəlləşdirilərək orada yaşayan sakinlərin xüsusi mülkiyyətinə verilməsinə
köməklik göstərilməsini xahiş etmışlər. Bu müraciətlərə Prezident İ. Əliyevin müsbət
cavabından sonra 8 noyabr 2012-ci ildə aspirantlar yataqxanasındakı sakinlərin
mənzil şəraitinin yaxşılaşdırılması üçün yataqxana binasının və ərazisinin özəl
bir şirkətə verilməsi və qarşılığında yataqxanada yaşayan sakinlər üçün yeni
mənzillər alınması məsələsi ilə bağlı iclas keçirilib. İclasda "Evrostroy-S"
MMC-nin nümayəndəsi Bəxtiyar Hilal oğlu Təhməzov və yataqxananın komendantı
Azər Quliyev də iştirak edib. Həmin iclasda yuxarıda göstərilən məsələ müzakirə
edilərək, aspirantlar yataqxanasındakı hər bir mənzil üçün yeni tikilən binada
ən azı 65 kv.metrdən ibarət 2 otaqlı mənzillərin tam təmir (mebelsiz) olunub
sakinlərin ixtiyarına verilməsi, sakinlərin elmi dərəcə və ailə tərkibi nəzərə
alınaraq, onlara əlavə yaşayış sahəsinin verilməsi, yeni binanın tikintisi ilə
bağlı Komissiyanın şirkətlə əməkdaşlığı və AMEA rəhbərliyi ilə müntəzəm əlaqə
saxlanması və vaxtaşırı yataqxana sakinlərinin məlumatlandırılması barədə qərar
qəbul olunmuşdu. "Evrostroy-S" MMC-nin nümayəndəsi Bəxtiyar Təhməzov
iclasda müzakirə edilən məsələlər ilə bağlı tələbləri şirkətin qəbul etdiyini
bildirmişdi.
Həmin İclasın yekunlarına
müvafıq olaraq, 14 noyabr 2012-ci ildə "Evrostroy-S" MMC ilə AMEA
arasında Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı əsasında Azərbaycan Milli
Elmlər Akademiyasına məxsus 0,66 ha torpaq sahəsində 1 ədəd 4 girişli 16
mərtəbəli yaşayış binasının layihələndirilməsi və bu Müqavilənin şərtlərinə
uyğun olaraq tikilməsi barədə podrat müqaviləsi bağlanıb. Həmin müqavilənin
1.1-ci bəndinə müvafıq olaraq, "Evrostroy-S" MMC aspirantlar
yataqxanasında yaşayan akademiya əməkdaşları və sakinləri üçün həmin
yataqxanaya aid olan ərazidə yaşayış binasınm tikintisini öhdəsinə götürüb.
Həmin müqavilənin 1.3-cü bəndinə müvafıq olaraq, şirkət1 ədəd 4 girişli 16
mərtəbəli binanın tikilməsi, aspirantlar
yataqxanasında yaşayan akademiyanın əməkdaşları və sakinləri üçün öz vəsaiti
hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını sifarişçiyə təhvil
verməsini öz öhdəsinə götürüb. Bundan sonra 19 dekabr 2012-ci ildə Bakı şəhər
İcra Hakimiyyətinin başçısı AMEA-nın "...aspirantlar yataqxanası binasının
sökülüb, yenidən tikintisinin layihələndirilməsinə" icazə verilməsi
haqqında 564 saylı Sərancam verib. Həmin Sərəncamla aspirantlar yataqxanasınm
sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış binasının
tikintisinin layihələndirilməsi üçün (Sipark)"Evrostroy-S" MMC-yə icazə
verilib.
"Həm BŞİH-nin 19 dekabr
2012-ci il tarixli 564 saylı Sərəncamı, həm də Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin
Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinin 09 yanvar 2014-cü il tarixli
Ekspertiza rəyinə əsasən "sifarişçi" hüququ, Bakı şəhəri, Şərifzadə
küçəsi, 12 ünvanında "aspirantlar yataqxanası" sakinləri üçün inşa
edilən binanın "podratçı" şirkətinə verilib. Nəticə etibarı ilə tikilən bina üzərində sərəncam hüququ faktiki və
hüquqi olaraq (Sipark-a)"Evrostroy-S" MMC-yə verilib”. Bu sözlər (Sipark)"Evrostroy-S"
MMC-yə qarşı "mənzil verilməsinə dair müqavilə bağlamaq öhdəliyinin
qoyulması tələbinə dair" yataqxana sakinlərinin bir qrupunun iddia ərizəsi
ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsində yekunlaşan məhkəmə işinin
19 sentyabr 2014-cü il tarixli, İş № 2(004)-4349/2014 saylı Qətnaməsində yazılıb.
Lakin tikinti şirkəti
(Sipark) "Evrostroy-S" MMC və AMEA bina sakinlərinin razılığını alıb rəsmi
instansiyalardan keçərək tikinti işlərini başlatdıqdan sonra yuxarıda
gostərilən şərtlərdən boyun qaçırmağa çalışır. Həmin məhkəmədə iştirak edən (Sipark)"Evrostroy-S"
MMC-nin nümayəndəsi Rəhimov Qədir Əbdül oğlu iddia ərizəsinə etirazla məhkəməyə
müraciətində göstərib ki, "Evrostroy-S" MMC ilə Azərbaycan
Respublikası Elmlər Akademiyası arasında 14 noyabr 2012-ci il tarixdə bağlanmış
Podrat müqaviləsinin 1.1-ci bəndinə görə (Sipark) "Evrostroy-S" MMC
aspirantlar yataqxanasında yaşayan akademiya əməkdaşları üçün həmin ərazidə
yaşayış binasının tikintisini öz öhdəsinə götürüb, amma müqavilə ilə (Sipark)"Evrostroy-S" MMC üçün belə
bir öhdəlik müqavilədə Sifarişçi qismində iştirak etmiş müqavilənin digər bir
tərəfı AMEA qarşısında nəzərdə tutulub. Başqa sözlə, (Sipark)"Evrostroy-S"
MMC 1 girişli 16 mərtəbəli yaşayış binasını bina sakinlərinə deyil, məhz
Sifarişçiyə təhvil verilməsi öhdəliyini götürüb. Yəni (Sipark)"Evrostroy-S"
MMC-nin bina sakinləri qarşısmda hər hansı bir öhdəliyi yoxdur. Bundan başqa Sipark
tikinti şirkəti iddia edir ki, podrat müqaviləsinin tərəflərinin imzaladığı
göstərilən protokolların imzalandığı andan hüquqi qüvvəyə minməsi və nəticə
etibarı ilə həmin protokolların müqavilənin tərkib hissəsini təşkil etməsi və
müqavilənin təfsir edilməsi zamanı xüsusi diqqətə alınması əsassızdır. Beləki, (Sipark)"Evrostroy-S" MMC şirkəti
hesab edir ki, müqavilənin 4-cü maddəsində nəzərdə tutulan, Podrat
müqaviləsinin tərəflərinin imzaladığı protokollar Müqaviləyə gələcəkdə edilə
biləcək hər hansı bir dəyişilik və əlavələrə qanuni yol açan və Müqavilənin
tərəfləri arasında əldə olunmuş müəyyən razılıqları ehtiva edən protokollardır
və bina sakinləri sözü gedən Müqavilənin tərəfı deyil. Bina sakinləri sözü
gedən Müqavilənin tərəfı kimi qəbul edilsə belə, (Sipark)"Evrostroy-S"
MMC bina sakinlərinin istinad etdiyi hansısa protokolu imzalamayıb və Bakı
şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən aspirantlar
yataqxanasına aid olan ərazidə inşa edilən yaşayış binalarının tikintisi üzrə
sifarişçi Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, Podratçısı isə (Sipark)"Evrostroy-S"
MMC" olduğunu və bina sakinləri qarşısında heç bir cavabdehliyinin
olmadığını” göstərib.
(Sipark)"Evro Stroy-S” şirkəti yaddan çıxarır ki, ona tikinti işlərinin
planlanması üçün verilən icazə məhz AMEA-nın mərhum prezidenti
Mahmud Kərimovun və yataqxana
sakinlərinin ölkə Prezdentinə müraciətlərindən sonra prezident İlham Əliyevin
tapşırığı əsasında mümkün olub. Bu BŞİH 19.12.2012 tarixli 564 saylı
"Azərbaycan Milli Elmlər Akademiyasının aspirantlar yataqxanası binasının
sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında”
sərəncamında da açıq göstərilib, orada yazılıb: maddə1. Azərbaycan Milli Elmlər
Akademiyasının 14.11.2012-ci il tarixli, 06-10-280 saylı razılıq məktubunu,
«Evro Stroy-S» MMC-nin 07.12.2012-ci il tarixli, 01/07.12 saylı müraciətini və
tərəflər arasında bağlanmış 14.11.2012-ci il tarixli müqaviləni nəzərə alaraq
Yasamal rayonu 571-ci məhəllə, A.M.Şərifzadə küçəsi 12 saylı ünvanda yerləşən
torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitini
yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün
həmin cəmiyyətə icazə verilsin. Amma hansı səbəbdənsə tikinti şirkəti bu qədər
dəqiq yazılmış ifadəni başa düşməkdə çətinlik çəkir.
Yuxarıda
göstərilən problemin meydana çıxmasının səbəblərindən biri də göstərilən
müqaviləni o tarixdə imzalayan Elmlər Akademiyası Prezidenti mərhum Mahmud
Kərimovun vaxtsız vəfatından sonra AMEA-ya akad. Akif Əlizadənin rəhbər təyin
olunması ilə onun ətrafina, rəhbərliyə yeni şəxslərin gəlməsi və yeni maraqlı
tərəfin yaranması ilə əlaqədardır. Beləki, yeni rəhbərlik Şərifzadə küçəsi, ev
12 ünvanında yerləşən aspirantlar yataqxanasının torpaq sahəsində aspirantlar
yataqxanasında yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün
yataqxana binası və ətrafındakı ərazidə yataqxana sakinləri üçün yeni bina
tikilməsi barədəki qərara öz istəklərinə görə şərh qoyaraq, "binanın burada
yaşayan AMEA əməkdaşları olan sakinlərin” mənzil şəraitinin yaxşılaşdırılması
məqsədi ilə AMEA ilə (Sipark) "Evrostroy-S" MMC arasında podrat
müqaviləsi bağlandığını iddia edir, sözü gedən imzalanmış müqaviləni tanımaq
istəmədiklərini deyirlər. Eyni zamanda tikinti şirkətinə də təsir göstərərək
onların öz öhdəliklərini yerinə yetirmələrinə mane olurlar və yataqxana
sakinləri tərəfindən hər hansı iddianın irəli sürülməsinin mümkünsüz olduğunu deyirlər.
Hələ bu azmış kimi tikilən
bu binada mənzillərin sakinlərə paylanmasını araşdırmaq üçün Akademiyanın rəhbərliyinin
yaratdığı Mənzil komissiyası öz gizli maraqlarını ört-basdır etmək, "obyektiv”
işlədiklərini göstərmək məqsədi ilə bütün Akademiya İnstitutlarına sorğu
göndərərək gənc mütəxəsislərin, aspirantlar yataqxanasında qeydiyatı olub orada
yaşamayanların, mənzilə ehtiyacı olan başqa Akademiya işçilərinin siyahılarını
və onların müraciətlərini toplayıblar. Sanki, bu yataqxana sakinləri üçün
tikilən bir bina ilə Akademiyada işləyən bütün mənzilə ehtiyacı olan insanların
mənzil problemlərini həll edəcəklər. Əsil məqsəd isə qarışıqlıq salıb
yataqxanada yaşayan sakinlərin mənzil paylarını əllərindən alaraq yataqxanadan
kənar insanlara qeyri-rəsmi satmaqdır.
Bu məqsədə çatmaq üçün
onlar dövlətin rəsmi instansiyalarına yanlış məlumat verməyi belə
özlərinə rəva görürlər. Məsələn,yuxarıda göstərilən məhkəmə Qətnaməsində
yazılıb: Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Milli Elmlər Akademiyasının
nümayəndələri Əliyev Sərdar Əli oğlu və Məmmədov Samir Hüseyn oğlu izahatlarında
göstərmişdirlər ki, ..."Hazırda həmin
yataqxanada yaşayan AMEA əməkdaşları mənzillə təmin olunmuşdurlar”. Yalandır, həm də məhkəmədə hakim
qarşısında. 2014-cü il sentyabrından bu günə təqribən 2 il keçib amma yataqxana
sakinlərindən heç kimə həmin binada mənzil verilməyib. Görəsən bu maraqlı şəxslərin
hakim qarşısında belə yalan danışmaqda nə maraqları var?
Bəli, adamın ağlına maddi
maraqların olması fikri gəlir. Çünki, uzun illərdir biz yataqxanada yaşayırıq
və bizim mənzil şəraitimizin yaxşılaşdırılması məsələsinin heç vaxt gündəlikdə
olmamasına baxmayaraq, indi hər şeyin hazır olduğunu gördüklərində tikintisinə Elmlər
Akademiyasının heç bir xərc çəkmədiyi,bu
yataqxananın sakinləri üçün tikilən bir bina hesabına Akademiyada işləyən, amma
yataqxanada yaşamayan başqa insanlarında mənzillə təmin olunması fikrini ortaya
atıblar, görəsən 118 ailə üçün nəzərdə tutulan bir bina bu problemi həll edə
bilərmi? Yoxsa ortada başqa maraqlar var. Görəsən sakinlərin böyük xahişlərlə
bu ərazidə onlara yeni mənzillər verilməsi şərtilə bina tikilməsinə razılığının
alındığı hazır binanı görüncə, onlarda Akademiya əməkdaşlarına belə "mənzil qayğıkeşliyi”
haradan qaynaqlanır? Bəli, burada xüsusi maraqların olması fikri adamın ağlına
gəlir. Yəni, Akademiya rəhbərliyinin istəyi olsa Elmlər Akademiyası işçiləri
üçün kifayət qədər mənzil tikilməsini həyata keçirə bilər, bunun üçün
Akademiyanın kifayət qədər torpaq sahəsidə,maddi imkanları da var, sadəcə bunun
üçün populist çıxışlar yox,istək, iradəvə konkret fəaliyyət lazımdır, onlarsa
bunu etmək istəmirlər.
Hələ bu azmış kimi həmin
mənzil komissiyasının üzvləri yataqxana sakinləri ilə fərdi görüşlər zamanı
utanmadan 25-30 il yataqxanada çətin şəraitdə yaşayaraq öz mənzil
problemlərinin həllini gözləyən, yaşı 40-i - 50-ni keçmiş alimlərə və sakinlərə
yeni tikilən binada "xidməti mənzillərin” veriləcəyi fikrini deyirlər, yəni uzun
illər yataqxanada yaşayan alimləri utanmadan bir yataqxanadan çıxarıb, başqa
yataqxanaya köçürmək istəyirlər, hətta bunu "şərəfli bir məqsəd naminə”, yəni Akademiyadan
Beyin axının qarşısını almaq naminə etdiklərini deyirlər. 20-30 il Akademiyada
işləyən, bəzilərinin əmək pensiya yaşı belə yaxınlaşan insanlara təşəkkür
etməkdənsə, utanmadan beyin axının qarşısını almaqdan danışırlar. Beyin
axınının qarşısının alınması üçün bu qədər dar düşüncəli olmaq nə qədər absurd
görünür. Bəli, dar düşüncəli çünki, Beyin axınının qarşısını almaq üçün kreativ
düşünən insanlara komfort şərait yaratmaq lazımdır ki, onlar getməsin, dünya
təcrübəsi də bunu göstərir. Başa düşmürlər ki, belə ağılsız maneələr yaratmaqla
beyin axınına mane olmaq mümkün deyil.
Üstəlikdə, onlar
Akademiyanın yataqxana sakinlərini mənzillə təmin etmək mükəlləfiyyətinin
olmadığını da deməyi yaddan çıxarmırlar. Əgər bu belədirsə, o zaman bu "mənzil
komissiyası” hansı məqsədə xidmət edir. Bunu bizə deyənlər yaddan çıxarırlar
ki, Azərbaycan sosial dövlətdir, işçilərin sosial-məişət şəraitinin
yaxşılaşdırılması Konstitutsiya ilə təsbit olunmuş bir haqqdır. Bundan əlavə görəsən
uzun illər yataqxanada yaşamış, ömrünü elmə sərf etmiş, yaşı 50-ni keçmiş
alimlərə, uzun illər mənzil gözlədikdən sonra"xidməti mənzil” təklif etmək hansı
məntiğə sığışır, yəni sabah ailə başçısını itirərsə, onun ailəsinin aqibəti
necə olacaq, övladları harada yaşayacaqlar? Budurmu işçilərin sosial müdafiəsi?
Bu ölkədə bu maraqlı şəxslərə "heç olmasa yataqxana sakinlərinin əlində olana
şərik çıxmayın” deyə biləcək bir instansiya yəqin ki tapılar. AMEA-nın tikintisinə
heç bir vəsait qoymadığı hazır binanı görüncə Akademiya rəhbərliyindən olan
bəzi adamların maddi həvəsləri, iştahları o qədər artıb ki, onlar artıq "yataqxanada
yaşayanlardan kimlərə mənzil verməmək olar” məsələsi ilə maraqlanmağa
başlayıblar çünki, yataqxanada yaşamayanlara bu mənzilləri qeyri-rəsmi maddi
qarşılıq hesabına verəcəklərini yaxşı bilirlər. Bu adamların bəziləri bizi bu
vaxta qədər yataqxanada yaşadığımıza görə də ittiham edirlər və eyni zamanda da,
vəzifə səlahiyyətlərindən istifadə etməklə bizim əldə etdiyimizə şərik çıxmaqdan
da utanmırlar.
Məlumdur ki, yataqxanada
yaşayan sakinlərdən bir hissəsi əvvəllər Elmlər Akademiyasında işləyiblər,
lakin müxtəlif səbəblərdən hazırda Akademiyada işləmirlər. Yuxarıda
göstərildiyi kimi Bizim yaşadığımız yataqxana binası tikinti tamamlanıb bizlər
yeni mənzillərlə təmin olunduqdan sonra sökülməlidir. Amma indiki rəhbərliyin
öz maddi maraqlarını üstün tutaraq binada yaşayanların bir hissəsinin AMEA-nın
əməkdaşları olmadıqlarını və onların həmin yataqxanada olan otaqlara order əldə
etmələrində şübhəli məqamların olduğunu da deməyi özlərinə rəva görürlər. Məsələn,
yuxarıda göstərilən Məhkəmənin Qətnaməsində yazılıb: Məhkəmə iclasında maraqlı
şəxs AMEA-nın nümayəndələri Əliyev Sərdar Əli oğlu və Məmmədov Samir Hüseyn
oğlu izahatlarında göstərmişdirlər ki, "... iddiaçılar AMEA-nın əməkdaşları
deyillər və onların həmin yataqxanada olan mənzillərə hansı yolla order əldə
etmələri şübhəlidir. Buna görə də, AMEA həmin şəxslərə qarşı mülki mühakimə
icraatı qaydasında iddia qaldırmaq niyyətindədirlər”. Baxın, maddi maraq nələrə
qadirdir, onlar dövlətin rəsmi instansiyaları və özlərindən əvvəl işləmiş
rəhbərlərin fəaliyyətinə kölgə salmağı belə özlərinə rəva görürlər, çünki
yataqxanadakı kontingent minimum 30 il ərzində formalaşmış bir kontingentdir və
bu insanların əksəriyyəti Akademiyaya gənc mütəxəssis kimi, qanunvericiliyə
uyğun olaraq, üç il ərzində mənzillə təmin olunma huququ ilə təyinatla gəliblər.
Amma indiki rəhbərlik yaddan çıxarır ki, qanun geri tarixə işləmir, verilən
haqqlar geri alınmır, üstəlikdə özlərinin maddi hərisliklərini gizlətmək üçün
hamıya qara yaxmağa hazır olduqlarını, özlərinin isə çox humanist mövqedə
olduqlarını göstərmək istəyirlər. Əgər belə olmasaydı yataqxana sakinlərinə
mənzillər bu vaxta qədər çoxdan paylanmış olardı.
Beləliklə, Bina
sakinlərinin sözü gedən aspirantlar yataqxanasının müvafıq mənzillərində
yaşamaq üçün orderləri var və hazırda yataqxana sökülmədən (Sipark)"Evrostroy-S" MMC tərəfindən
həmin ərazidəki yataqxana binasının ətrafında yeni binaların tikinti işləri davam
etməkdədir və aspirantlar yataqxanasının sakinlərinə tikinti şirkəti tərəfindən
verilən vədin yerinə yetirilməməsi sakinlərin hüquqlarını və qanuni maraqlarını
sual altında qoyub. AMEA-nın balansında olmuş həmin binanın ətrafındakı ərazinin
sakinlərin razılığı ilə hazırkı yaşadıqları mənzillərin yeni mənzillərlə əvəz
olunması şərti qarşılığında tikinti şirkətinə verilməsi, (Sipark)"Evrostroy-S" MMC-nin həmin
öhdəliyi icra etməməsi, bina sakinlərinin mülkiyyət hüquqlarının pozulması və bu hüquqlarının
itirilməsi təhlükəsi ilə üzləşdirib. (Sipark)"Evrostroy-S" MMC yataqxana
sakinləri ilə mənzillərə dair müqavilə bağlamaq öhdəliyini icra etməkdən dəfələrlə
imtina edib, mənzillərin verilməsi ilə bağlı öhdəliyini icra etməyəcəyini
bildirib. Yeni tikilən binalarda müvafiq mənzillərin verilməsi ilə bağlı
məsələlərin qeyri müəyyən olmaqda davam etməsi sakinlərdə haqlı narahatlıq və
narazılıq yaradıb.
Cənab Prezident, Sizdən
xahiş edirik, xoş niyyətlə verdiyiniz göstərişin icrasının tamamlanmasına,
sakinlərin yuxarıda göstərilən probleminin həll edilməsinə, yataqxanan
sakinlərin haqlı narazılıqlarına son qoyulmasına kömək edəsiniz.