Stanford Universiteti bildirir ki, insanlar o qədər çox növün nəslinin kəsilməsi üçün məsuliyyət daşıyırlar ki, artıq dünyada altıncı kütləvi yox olma mərhələsi başlayıb.
Alimlər xəbərdarlıq edirlər ki, heyvanların normal sürətdən 100 qat artıq sürətlə tükənmələri ilə dünya altıncı kütləvi yox olma mərhələsinə girib.
Yaşayış mühitinin məhvi, ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyinə insanlar səbəb olurlar. Bütün bunlar isə 1500-cü ildən bəri 77 məməli, 140 quş növü və 34 amfibiyanın (suda-quruda yaşayanların) nəslinin kəsilməsinə gətirib çıxarıb.
Nəsli kəsilən bu canlılara dodo, Stellerin dəniz inəyi, kuaqqa, Xəzər pələngi, Tayvan bəbiri və Kap şiri daxildir.
ABŞ-da yerləşən Stanford Universitetinin alimləri iddia edirlər ki, 66 milyon il əvvəl dinozavrların məhv olduğu Təbaşir dövrünün sonundan bəri ən böyük yox olma mərhələsi başlayıb.
"Heç şübhəsiz, altıncı ən böyük kütləvi yox olma mərhələsinə daxil oluruq. Müxtəlif fauna növlərinin əvvəlki yox olma mərhələlərində olan sürətdən 100 qat artıq sürətlə nəsli kəsilməkdədir. Bizim hesablamalarımız, çox güman ki, bu böhranın kəskinliyini lazımi səviyyədə göstərmir. Bütün dünyada bir çox fauna növü artıq gəzən ölü halına gəlib", - deyə Ətraf Mühit üzrə Stanford İnstitutunun (The Stanford Woods Institue for Environment ) professoru Paul Erlik bildirib.
Tədqiqatçıların hesablamalarına görə, təbiətdə yaşayan fauna növlərindəki dəyişikliklər, adətən, hər 10 min ildən bir iki məməli növünün nəslinin kəsilməsinə səbəb olur. Hazırda isə yox olma nisbəti bütün zamanlara görə 114 qat daha sürətlidir.
Heyvanların nəslinin tükənməsinə insan fəaliyyəti səbəb olub. Okeaniya adalarında ötən 2000 il ərzində 1800-ə qədər quş növünün nəslinin kəsildiyi hesablanıb.
İbtidai insanların da kisəli şir və ətyeyən kenquru daxil olmaqla, Avstraliyada yaşamış bir çox heyvanın nəslinin tükənməsində rol oynadıqları ehtimalı yüksəkdir.
Hal-hazırda hər dörd məməlidən birinin və amfibiyaların (suda-quruda yaşayanların) 41 faizinin nəsli tükənmək üzrədir.
Araşdırmacı Gerardo Ceballos bunun davam etməsinə icazə verildiyi təqdirdə dünyanın özünü yeniləməsi üçün milyonlarla il lazım olacağı və insanların da vaxtından əvvəl yox olmağa başlayacağını bildirib.
Professor Erlik qeyd edib ki, dövlət nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq üçün birlikdə işləməyə başlamalıdır. O və həmkarları belə düşünürlər ki, vəziyyət ümidverici görünməsə də, irəlidə mənalı bir yol var. Tədqiqatın müəllifləri yazırlar: "Altıncı kütləvi yox olma mərhələsindən çıxmaq üçün artıq nəsli kəsilmək təhlükəsi altında olan növlərin qorunması və onlara qarşı olan təzyiqlərin (yaşayış mühitlərinin məhv edilməsi, iqtisadi qazanc üçün həddindən artıq istismar və iqlim dəyişikliyi) yüngülləşdirilməsi üçün göstərilən cəhdləri sürətləndirmək və gücləndirmək lazım olacaq".
Yer üzündə məlum olan beş kütləvi yox olma mərhələsi olub. Bu mərhələlərdən ikincisində, yəni 443 milyon il əvvəl dənizdə yaşayan canlıların 83 faizi məhv oldu. Üçüncü mərhələdə, 90 milyon il sonra, yer üzündəki canlıların dörddə üçünün nəsli kəsildi. 248 milyon il əvvələ təsadüf edən dördüncü mərhələdə fauna növlərinin 96 faizi yer üzündən silindi. Həmin mərhələdən 48 milyon il sonra isə iqlim dəyişikliyi və asteroid zərbəsi nəticəsində yer üzündə yaşayan canlıların yarısı məhv oldu. Son mərhələdə dinozavrların da nəsli kəsildi.
Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF - Worldwide Wildlife Fund) Elm və Siyasət üzrə direktoru Dr. Mayk Barret bildirib: "Əgər belə davam edərsə, daha çox canlının nəslinin kəsilməsinin şahidi olacağıq və bu daha bir sübutdur ki, heyvanlar aləmini və onların təbii yaşayış mühitlərini qorumaq üçün daha çox iş görməliyik".
Ən çox nəsli kəsilmək təhlükəsi altında olan növlər:
Cənubi Çin pələngi
Cənubi Çinin Fucyen, Quandun, Xunan və Çzyansi əyalətlərində yaşamış bu pələngin sayı 1950-ci illərdə 4 min idi. İndi isə bu növü yalnız zooparklarda görmək mümkündür.
Sumatra fili
Sumatra meşələrinin çoxu kənd təsərrüfatı üçün istifadəyə verildiyindən bu fil növü yaşayış mühitinin çoxunu itirib. 2007-ci ildə aparılan bir araşdırmaya əsasən, heyvanlar aləmində bu fildən 2800 baş qalıb.
Uzaq Şərq bəbiri
Dünyada pişiklər fəsiləsinə aid ən nadir növ Uzaq Şərq bəbirinin 2007-ci ildə yalnız 30-u qalmışdı. İndi isə bu sayın 57 olduğu bildirilir. Ancaq bu cins ovçulara qarşı yenə də müdafiəsizdir.
Kaliforniya dəniz donuzu
Bu növ dünyada ən nadir rast gəlinən məməlilərdən biridir. 2014-cü ilin hesablamasına görə, bu növün sayı 100-dən də aşağıdır. Son qalan növlər Şimali Amerikanın Kaliforniya körfəzində yaşayır və ekspertlər bu növün 2018-ci ilə qədər nəslinin kəsiləcəyi proqnozunu verirlər.
Kəlaynaq
Bu quşun təbii yaşayış yeri olan Şimali Afrika, Avropa və Yaxın Şərqi müharibə və vətəndaş üsyanları bürüyüb. Bu növdən yalnız bir neçə yüzü Mərakeşdə qalıb.
Hal-hazırda Avstriya, İspaniya və İtaliyada heyvanlar aləminə qaytarılması üçün bu quş növü yetişdirilir.
Şahin dimdikli dəniz tısbağası
Ovçuların bu növün qəhvəyi və qızılı rəngdə olan qabığı üçün axtarışında olduqları 20 min dişi cinsi təhlükə altındadır.
Qara kərgədan
Bütün kərgədan növləri arasında sayı ən kəskin şəkildə azalan qara kərgədan olub və bu növün 2011-ci ildə nəslinin kəsildiyi elan edilib. Ancaq böyük mühafizə nəticəsində sayı 5000-ə qədər yüksələn qara kərgədanlar hal-hazırda silahlı mühafizə altında saxlanılır.
Üçbarmaqlı ərincəklər (Folivora)
2012-ci il araşdırmasına görə, Panamanın kimsəsiz Escudo de Veraguas adasında tapılan bu növün sayı 80-dən də azdır.
Çin kələzi
Çində geniş şəkildə qida kimi və dərmanların hazırlanmasında istifadə olunan kələzin sayı 1960-cı illərdən bəri 94 faizə qədər azalıb. Bu növ tək yaşadığına və daha çox gecələr üzə çıxdığına görə dəqiq rəqəmin hesablanması çətindir.//milli.az