Hər birimiz ən azından bir dəfə də olsun dejavyu yaşamışıq. Dejavyu - psixoloji hal olub, hazırkı anın nə vaxtsa təkrar yaşandığı hissinə qapılmaqdır. Bu hal həmişə fərqində olmadan baş verir və saniyələr ərzində keçir. Lakin dejavyu bəzi hallarda o qədər emosional təsirə malik olur ki, onun təsirindən illərlə belə çıxmaq mümkün olmur.
Bu vəziyyəti məntiqi olaraq izah edə bilməyən insanlar tarix boyu bir çox miflər yaradıblar. Bura dejavyunun gələcəkdən xəbər verən yuxuların təsirindən yaranmağından tutmuş, noosfera (Kosmik düşüncə fenomeni) və keçmiş həyatla bağlı nəzəriyyələr daxildir.
Aktual.az publika.az-a istinadən bildirir ki, bir çox miflər kimi müasir elm dejavyu mistikasına da məntiqli cavab tapıb. Elektroensefaloqrafiya (EEG-baş beynin aktivliyinin izlənilmə metodu) zamanı təsadüfən baş vermiş dejavyu sonradan Rusiya alimlərinə bunu araşdırmağa fürsət verib. Çünki dejavyu təbii hal olduğu üçün onu süni şəkildə yaratmaq mümkün deyil.
Araşdırmalar zamanı məlum olub ki, beyində " parahippocampal girus" adlı bir bölgə var ki, məhz reallıq qavramı onun sayəsində baş verir. Dejavyu da bu bölgədə baş vermiş qısa qapanma zamanı yaranır. Çünki "Parahippocampal girus" hansı informasiyanın yaddaşdan çağırıldığını, hansınınsa hazırda baş verdiyini ayırd edir.
Dejavyunun baş vermə prosesini izah edən elm adamları bildirblər ki, bu zaman beyinin qəbul etdiyi informasiyanın emalı prosesində ani ləngimə baş verir. İnformasiyanın mərkəzə çatdırılması dolayı yollarla baş verir.
İnformasiyalar mərkəzə çatdığı anda isə artıq onun təkrar yaşandığı ilə bağlı təəssürat yaranır ki, biz də buna - "Dejavyu" deyirik.