Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul müsabiqəsinin şərtlərini açıqlayıb.
Komissiyadan Aktual.az-a verilən məlumata görə, I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə ümumi balı 200-dən və bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal ( minimum 10 bal) məhdudiyyəti tətbiq olunmur.
Kənd təsərrüfatı ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.
Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə ümumi balı 100-dən az olmayan abituriyentlər (onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir) iştirak edirlər.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.