Ermənistanın baş naziri Nikol Paşinyanın sonuncu uzun-uzadı çıxışı artıq sitatlara bölünüb. Onun nitqinin bloklarından biri, bildiyiniz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı idi. Nikol Paşinyan Ermənistanın KTMT missiyasını niyə qəbul etmədiyini izah edib: Sən demə, bütün məsələ bu təşkilatın "Ermənistanın sərhədlərini müəyyən etməməsi”ndədir və KTMT bunu aydın şəkildə müəyyən edəndə "problemlərin 90%-i həll olunacaq”.
Paşinyanın sözlərinə görə, Ermənistanın KTMT təlimlərində iştirakı məsələsi hələ də müzakirə olunur. Bundan başqa, Ermənistanın baş naziri ölkənin KTMT-dən çıxmasını istisna etməyib, lakin bu, o zaman baş verəcək ki, İrəvan "KTMT-nin Ermənistandan çıxdığını müşahidə edəcək”.
Paşinyanın çıxışında daha bir çox maraqlı məqam Ermənistanın xarici hərbi texnika alması ilə bağlı olub. Onun sözlərinə görə, Ermənistanın KTMT-yə üzv olması buna mane olub.
Məgər bu təşkilat öz üzvlərinin Qərb silahlarını əldə etməsini məhdudlaşdırır? oxu.az bu sualla Rusiyanın aparıcı hərbi ekspertlərindən biri, Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixinə müraciət edib:
- Təbii ki, KTMT-də xarici hərbi texnikanın alınmasına qadağa yoxdur. Məsələn, Qazaxıstan Qərbdən silah alırdı. Ermənistanda isə vəziyyət başqadır və mən özüm bu barədə bu yaxınlarda, erməni jurnalistlə söhbət edərkən öyrəndim. O mənə dedi ki, Ermənistan, həqiqətən də, Qərb silahlarını almaq istəyib, lakin onlara satılmayıb. İmtina çox sadə izah edilib: Ermənistan KTMT-nin üzvüdür, ona görə də Rusiya bu silahları ala bilər. Görünən odur ki, Nikol Paşinyan da bunu nəzərdə tutub.
- Ermənistanda ölkənin KTMT-dən çıxması ilə bağlı müzakirələr davam edir. Bunu son günlər Ermənistanın baş naziri, xarici işlər nazirinin müavini, ölkənin Təhlükəsizlik Şurasının katibi və bir çox başqa dövlət və siyasi xadimləri deyiblər. Bu mövzuda müzakirələr uzun müddətdir ki, davam edir, lakin son vaxtlar çox fəallaşıblar. Siz bu barədə nə düşünürsünüz?
- Bəli, aydındır ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı çox fəal müzakirələr gedir. Amma ola bilsin ki, qəlblərinin dərinliklərində haradasa təxmin edirlər ki, Ermənistan KTMT-dən çıxsa, o zaman onları heç kim müdafiə etməyəcək. Digər tərəfdən, görünür, Qərb Ermənistan tərəfinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını tələb edir.
Obyektiv desək, Ermənistan KTMT-dən çox şey əldə etmir. Təşkilatın bütün üzvlərindən yalnız Rusiya Ermənistan Respublikasına hansısa formada kömək etməyə hazırdır. KTMT-nin üzvü olan bütün digər ölkələr bunu qətiyyən istəmirlər.
- KTMT-dən çıxmaqla bağlı xeyli danışılır, qurumla bağlı neqativ bəyanatlar verilir, təşkilatın Ermənistanda təlimlərini keçirməkdən imtina edilir, amma nədənsə İrəvan hələ də bu hərbi alyansın tərkibində qalır...
- Ermənistanın KTMT-dən çıxmasına mane olan şey, bu baş verəcəyi təqdirdə indikindən də pis olacağı anlayışıdır. Ən azından, İrəvanda kimlərdəsə belə hiss var.
- Ermənistanda Avropa İttifaqının missiyası var, lakin Moskvanın Ermənistana öz kontingentini göndərməyə hazır olduğu barədə bəyanatlarına baxmayaraq, KTMT nümayəndələri buraxılmayıblar. Paşinyan vəziyyəti KTMT-nin "Ermənistanın sərhədlərini müəyyən etməməsi” ilə izah edib. Bu çox qəribə bəyanatdır, çünki sərhəd şərtidir, ilk növbədə delimitasiya edilməlidir və Ermənistanın bununla bağlı problemləri var...
- Bildiyimə görə, Ermənistan sərhədin müəyyənləşdirilməsində bir az sabotaj edir. Bu, yeri gəlmişkən, Rusiyanı da müəyyən qədər qıcıqlandırır.
- Ancaq deyəsən, Moskvadan bununla bağlı səs-küy çıxmadı...
- Səs-küy nəyə lazımdır? Rusiya bunu etməyəcək. Düzünü desəm, o heç bu hayda deyil.
- Ermənistanın KTMT-də havadan asılı iştirakı, mənim anladığım qədərilə, davam edəcək. Hələlik belədir? İrəvanın yekun qərarı üçün nə baş verməlidir?
- Bu sualın cavabı məndə yoxdur. Anladığım qədərilə, elə Ermənistanın özündə də yoxdur
Xəbər 211 dəfə oxunub.