Ağlagəlməz ÖLÜMLƏR: bu faktlar sizi ŞOKA SALACAQ - FOTOLAR

Ağlagəlməz ÖLÜMLƏR: bu faktlar sizi ŞOKA SALACAQ - FOTOLAR

Hamı terrordan, qəzalardan qorxur, özünü bacardıqca daha ehtiyatlı olmaqla qoruyur. Amma qismətdən qaçmaq olmaz. Əgər qismətdə qəfil ölüm varsa, qorunmaqla deyil, bəla mütləq adamın başının üstünü alacaq. Bəzi qəzalar təəssüf yerinə təəccüb doğurur. Çünki adicə yemək zamanı və ya getdiyin yerdə başına təsadüfən nəyinsə düşməsi... doğrudan da həyat dolu, lap elə əzab-əziyyətlə yaşadığın ömrün layiqli sonu deyil.


Publika.az belə ölüm hadisələrini sizin üçün sıralayıb:


1. Yemək zamanı boğulub ölmək- Bu yaxınlarda – 2 apreldə iki nəfər yemək müsabiqəsində qələbə qazanmaq üçün tələsik udqunanda boğulub ölüb. Ötən il də Yaponiyada keçirilən bu tip müsabiqədə dörd nəfər ölmüşdü. Düzü, bu təsadüfi ölüm deyil, qida ilə belə zarafat etmək və ya pul qazanmaq olmaz. Amma yenə də yemək müsabiqələrinə qatılanların sayı azalmır. Şeytanın iki ən böyük silahı: pul və şöhrət öz işini görür. Hər halda şeytana vəkil tutan məşhur Al Paçino bu barədə çox haqlıymış.

2. Öz axmaqlığı ucbatından ölmək– baxmayaraq ki, alimlər insanlarda orta İQ səviyyəsinin artdığını deyirlər, bəzən elə axmaqlıqlara rast gəlirik ki, XXI əsrdə yaşadığımıza inana bilmirik. 2012-ci ildə Harri Allen Benninq adlı amerikalı səhvən benzin içmişdi, adam içən kimi bunu anlayıb tez ağzından boşaltmışdı. Amma gedib ağzını yaxalamaq, həkimə müraciət etmək yerinə, durub üstündən siqaret çəkmişdi. Bir anda ağız boşluğu alışın yanan adamı xilas etmək mümkün olmamışdı. Daha bir amerikalı oğurluq edərkən tanınmasın deyə sifətini rəngli aerozolla boyayıb zəhərlənib. Amma 2008-ci ildə braziliyalı bir kişinin etdiyinə təəssüflənməyin yerinə gülmək tutur. Adam stula helium doldurulmuş minlərlə şar bağlayıb havaya qalxıb, özüylə GPS də götürüb ki, "yolu azmasın”. Göydə yadına düşüb ki, GPS-dən başı çıxmır axı... Kişinin meyitini iki aydan sonra dəniz sahilində tapmışdılar.

3. Heyvanların səbəb olduğu olümlər– ötən il Tanzaniyada balıqçılar göldən balıq tutarkən qarmaqlarına tilyapiya adlı kiçik, ziyansız balıq düşür. Balığı çıxarıb vedrəyə atmaq istəyərkən bu kiçik "yaramaz” atılıb balıqçının ağzına düşür. Sonra da özünü daha dərinə yeridərək kişini boğub. Yəni "ölürəmsə, öldürməmiş getmərəm” hikkəsi balıqda da varmış. Hələ braziliyalı kişinin başına gələni kimsə kitabda yazsaydı, yazıçını qınayardılar ki, bu qədər də yalan olmaz. Coa Mario de Sauza arvadı ilə şirin-şirin yatdığı yerdə üstünə inək düşüb. Sonradan məlum olub ki, fermada kəsilməkdən qaçan inək Coanın alçaq damına atılıb. Amma dam inəyin ağırlığına dözməyib və inək düz kişinin üstünə düşüb. Kişi bir neçə saat sonra daxili qanaxmadan ölüb. Lakin nə arvadına, nə də inəyə bir şey olub.


Deyilənə görə, faciənin banisi Esxil də başına nəyinsə düşməsindən qorxarmış. Lakin faciə janrını yaradanda bilmirdi ki... bəs su səhəngi suda sınar?! Təsəvvür edin, bir gün havada uçan qartal tutduğu tısbağanı dimdiyindən sürüşdürüb dahi yunanın başına salır. Kişi hıqq deməyə macal tapmayıb ölür. Elə 2016-cı ildə Hindistanda da bir şoferin başına maşın sürdüyü yerdə meteorit düşmüşdü. Yeni Qvineya sakinləri isə vaxtaşırı başlarına kokos düşməsindən ölürlər. Ancaq adamlara dərs olmur ki, kokos ağacının altından keçmək olmaz.

Az qala Barak Obama da Esxilin aqibətini yaşayacaqmış. Lakin 2010-cu ildə Barak Obama Hindistana gələndə hökumət qabaqcadan ehtiyat tədbiri görərək Mumbayda Qandi muzeyinin qabağındakı kokos ağacının bütün meyvələrini dərib yığmışdılar. Başa düşülən addımdır: hind-amerikan münasibəti niyə bir qozun güdazına getsin ki! Üstəlik dünya nə deyərdi: o boyda Obama hindin qozuna tuş gəldi?!


4. Gülə-gülə ölmək- əslində o da bir şansdır. Hər adama qismət olmur sevincdən, gülüşdən ölsün. Ən azından bilirsən ki, sona qədər kefin kök olub. Amma bəzən əhvalın yüksəkliyindən deyil, gülüş böhranına düşməkdən də ölüm ola bilər. Yəni insan gülüşünü heç cürə saxlaya bilmir, dayanmaq istəsə də cəhdi baş tutmur. Ona görə də bu böhran çox təhlükəlidir. 50 yaşlı ingilis isə böhrandan deyil, məhz kefindən ölüb. Televizorda yumoristik proqrama baxan kişi necə əylənibsə, düz 25 dəqiqə ləzzətlə şaqqanaq çəkib. Sonra xıpp deyə arvadının gözünün qabağında yıxılıb ölüb. Yəni ürək tutmasından dünyasını dəyişib.

Axmaqlıq və ya görünməmiş qəza - istənilən halda təhlükə həmişə var. Yenə də "ehtiyatlı olun”, deyə oxucuya tövsiyə yazmaq olardı, amma olacağa nə çarə var?

 

 
Aktual.az
Xəbər 2043 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR