Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.
Dövlət Sərhəd Xidmətindən Aktual.az-a daxil olan xəbərə görə, Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizısinə məlumat daxil olub.
Məlumat əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal həmin istiqamətə göndərilib.
Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr" yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.