Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) koalisiya hökumətinin qurulması üçün nazir vəzifələrinin bərabər sayda bölünməsi şərtini qəbul etmir.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xəbərə görə, AKP rəhbərliyi ədliyyə, daxili işlər, milli təhsil nazirləri vəzifələrinə öz partiyalarının təmsilçilərini təyin etmək istəyir. Partiya növbəli baş nazirlik şərtini də məqbul saymır.
Məlumatda bildirilib ki, AKP yeni konstitusiya və "çözüm sürəci"ni davam etdirəcəyini bəyan etməklə Cümhuriyyət Xalq Partiyasına (CHP), milli layihələr və iqtisadi məsələləri vurğulamaqla Milliyyətçi Hərəkat Partiyasına (MHP) mesaj göndərib.
AKP koalisiya hökumətinin 4 il müddətinə qurulması şərtini də irəli sürüb.
Koalisiya hökumətinin qurulması ilə bağlı danışıqlarda Türkiyə baş naziri səlahiyyətlərini icra edən Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlunu partiyadakı müavini Mehmet Əli Şahinin müşahidə edəcəyi nəzərdə tutulub. Görüşlərin yaxın günlərdə başlayacağı gözlənilir.
Qeyd edək ki, parlamentdəki deputatlarının sayından asılı olmayaraq, nazirliklərin bərabər sayda bölüşdürülməsi, baş nazirin növbəliliyi kimi şərtləri CHP irəli sürüb.
İyunun 7-də Türkiyədə keçirilmiş parlament seçkilərində AKP 40,86% səslə Böyük Millət Məclisində 258 deputat yeri qazanıb. Partiya təkbaşına hökumət qura bilməsə də, seçkidə birinci yeri tutub.
Aktual.az