Əli jurnalist qanına bulaşan odioz generalın vəkili niyə susdu...
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin(MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Çovdarovun vəkili Sadiq Rəsulov müvəkkilinə yönəlik ittihamlara cavab vermək istəmir. S.Rəsulov jurnalistlərin suallarından yayınmaq üçün telefonu qapadır.
A.Çovdarov MTN-in idarə rəisi olduğu illər ərzində adı bir çox qalmaqallarda, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində, “Azadlıq” qəzetini reportyoru Aqil Xəlilin barmaqlarının sındırılaraq sonradan bıçaqlanmasında, iş adamlarına qarşı ən müxtəlif qanunsuzluqlarda hallanıb. Bu günlərdə jurnalist Eynulla Fətullayev özünün facebook səhifəsində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu MTN general Akif Çovdarovun öldürtməsi haqda status yazıb. Bundan əvvəl də oxşar iddialarla çıxış edən E. Fətullayev A.Çovdarovu quldur adlandırıb: “Deməli, bu quldur Akif Çovdarov 26 aprel 2006-cı ildə Almaniyada ürəklə bağlı ciddi əməliyyat keçirib. Bu gün vəkili açıqlama verib. 2005-ci ilin martın 2-də isə jurnalist Elmar Hüseynovu qətlə yetirib. 1 il 1 aydan sonar ürəyi dözməyib alçağın. Qorxudan!!! Çünki artıq çoxlarına məlum idi ki, Elmarı bu cəllad qətlə yetirib. Dairə qapanmışdı...”
Vaxtilə “Monitor” jurnalında Elmar Hüseynovla birlikdə çalışan Eynulla Fətullayev ötən ilin noyabrında Akif Çovdarov həbs edilərkən “Elmarın qatili qandallandı” demişdi. Həmin dövrdə Elmar Hüseynovun qətlini araşdırmaq məqsəd ilə yaradılan İctimai Komitənin üzvlərindən olan Şahbaz Xuduoğlu demişdi ki, apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, E.Hüseynovun izlənməsinə Akif Çovdarov başçılıq edib.
A.Çovdarovun vəkili S.Rəsulovla əlaqə saxlamağımız da bu mövzularla əlaqəli idi. Vəkildən müvəkkilinin ünvanına səslənən itihamlara cavab almaq istəyirdik. Lakin vəkil susqunluq nümayiş etdirməklə sualları cavablandırmaqdan yayınır.
Xatırladaq ki, A.Çovdarov ötən ilin noyabrında qandallanıb.
//Aktual.az
Xəbər 4757 dəfə oxunub.