Azərbaycan Elmlər Akademiyası qədim və zəngin ənənələr əsasında 1945-ci ilin mart ayında yaradılıb. 1945-ci il martın 31-də isə Azərbaycan Elmlər Akademiyası yaranma tarixini böyük ümumi yığıncaqla qeyd edib. Bu, Azərbaycanın həyatında yeni atributun yaranmasını göstərən təntənəli hadisə idi.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan elminin ənənələrini davam etdirən Akademiyanın ilk üzvləri bütün ömürləri boyu yüksək fədakarlıqla elmə xidmət ediblər: “Mən onların adlarını bir daha səsləndirərək böyük hörmətlə hər birinin parlaq xatirəsini yad etmək istərdim. Onlar dahi Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov və Səməd Vurğun, Yusuf Məmmədəliyev və Aleksandr Qrossheym, Heydər Hüseynov və Mustafa Topçubaşov, İosif Yesman və Mirzə İbrahimov, Mikayıl Hüseynov və Şamil Əzizbəyov, Mirəli Qaşqay və Sadıq Dadaşov, Ələşrəf Əlizadə və İvan Şirokoqorovdur. Bu adlar elmimizin tarixinə qızıl hərflərlə yazılıb”.
AMEA prezidenti xatırladıb ki, 70 il ərzində Azərbaycan alimləri çoxlu sayda elmi nailiyyətlərə imza atıblar: “Azərbaycan alimləri yüksək dövlət mükafatlarına, müxtəlif orden və medallara layiq görülüblər. Azərbaycan Elmlər Akademiyasının 70 illik tarixində ən parlaq mərhələ 1970–1985-ci illəri əhatə edən dövrdür. Akademiya tarixinin bu mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Bu dövrdə Azərbaycan Elmlər Akademiyasında neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyətə malik tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması və s. istiqamətlərdə nailiyyətləri qeyd etmək olar”.
A. Əlizadə qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən Akademiyanın həyatında çətin, mürəkkəb və dramatik bir mərhələ başlayıb: “SSRİ-nin dağılması, ənənəvi dövlət və ictimai institutların iflasa uğraması, dərin iqtisadi böhran, hüquqi vakuum Akademiyanın üzləşdiyi problemlərin yalnız bir qismi idi. Həmin dövrdə Elmlər Akademiyasını cəmiyyətin gözündən salmaq kampaniyası, totalitarizmlə mübarizə adı altında İttifaq strukturlarının ləğvi kimi Akademiyanı da ləğv etmək cəhdləri vəziyyəti daha da kəskinləşdirmişdi. Xoşbəxtlikdən Heydər Əliyevin dahiyanə siyasəti sayəsində Elmlər Akademiyası öz bütövlüyünü qoruyub saxlaya bildi. Biz iqtisadiyyatımızın ən çətin dövründə UNESCO çərçivəsində dahi Məhəmməd Füzulinin 500 illiyini və möhtəşəm Azərbaycan eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyini böyük təntənə ilə qeyd etdik”.
AMEA prezidenti bildirib ki, hazırda Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir: “Milli Elmlər Akademiyası ənənələrə sadiq qalaraq elm və təhsilin inteqrasiyasına ciddi diqqət yetirir. Hazırda AMEA institutlarında müxtəlif universitetlərin kafedralarının onlarla filialı fəaliyyət göstərir. Akademiyanın çoxsaylı üzvləri və yüzlərlə alimi təhsil prosesində yaxından iştirak edirlər. Akademiyanın tarixində ilk dəfə olaraq magistratura təsis olunub və doqquz ixtisas üzrə magistrantların qəbulu keçirilib. İnstitutlarımızın ali məktəblərlə sıx əməkdaşlığı – akademik fəaliyyətin strateji xəttidir”.
A. Əlizadə həmçinin qeyd edib ki, 70 illik yubileyə Akademiyanın kollektivi əliboş gəlməyib, dəyərli elmi əsərlər və monoqrafiyalar hazırlanıb: “Bu əsərlərin nəşrini Akademiya tarixinin müvafiq mərhələlərdə fəaliyyətinin bir növ yekunu hesab etmək olar. Amma bu çoxsaylı nəşrlərin sırasında bir nəşr bizim üçün xüsusilə əzizdir. Mən “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitab-albomunu nəzərdə tuturam. Burada 70 il ərzində öz əməyi ilə respublika elminin nailiyyətlərini artıran şəxsiyyətlərin fəaliyyətini görmək olar. Bu, bizim tariximizdir. Məhz həmin tarix bizi həm gələcəyə aparır, həm də keçmişə qaytarır. Buna görə də bizim diqqətimizi çəkən bu tarix gələcək nəsilləri də maraqlandıracaq. Hamıya məlumdur ki, elmdə aparılan islahatlar ən çətin və ən mürəkkəb bir prosesdir. Akademiyanın 70 illik yubileyi günlərində qürurla deyə bilərik ki, səylərimizi birləşdirməklə Azərbaycanın bu əvəzsiz sərvətini qoruyub saxlaya bilmişik. Bu gün bu müqəddəs elm ocağı yaşayır və inkişaf edir”.