İltihablı ayağının yerinə səhvən sağlam ayağı kəsilən 87 yaşlı Tərlan Məmmədovanın ölümünün hansı səbəbdən baş verməsi barədə bizdə məlumat yoxdu. Çünki onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilməyib.
Aktual.az bildirir ki, bunu report-a birliyin direktoru Ədalət Həsənov deyib.
O bildirib ki, müstəntiqlər mərhumun meyitinin yarılması məqsədilə onun evinə getsələr də, ailə üzvləri buna razı olmayıb.
Xatırladaq ki, 87 yaşlı qadın iyulun 31-də vəfat edib.
Qeyd edək ki, iyul ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzində şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməsi diaqnozu ilə əməliyyata alınmışdı. Lakin həkim-cərrah Valeh Kərimov yanlışlıqla onun iltihablı sol ayağı əvəzinə sağlam ayağını kəsmişdi. Sonra o biri ayağı da amputasiya edilmişdi. Həmin fakt üzrə Cinayət Məcəlləsinin 131.2-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Səhiyyə Nazirliyinin kollegiyası həkim-cərrah V.Kərimovu vəzifədən azad edilib, əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Əfsər Rzazadəyə də sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski tutduğu vəzifədən azad edilib.