«Qulaqları yoxdur, bir əli işləmir. Hələ də müalicəyə ehtiyacı var. Gedirik ki, «kömək eləyin, müalicəni davam etdirək», deyirlər, «vermirik, get, nə istəyirsən elə»».
«XƏSTƏXANADAN SONRA YADLARINA DÜŞMƏDİ»
Ötən il noyabrın 23-də «Muğanbank» ASC-nin Binəqədi filialının qarşısında üzərinə benzin tökərək özünü yandıran Naxçıvan sakini, 35 yaşlı Malik Hüseynovun vəziyyəti hələ də ağır olaraq qalır. Bunu AzadlıqRadiosuna onun həyat yoldaşı Aytən Hüseynova deyir. Onun sözlərinə görə, hadisə baş verəndə bank xərcləri sonadək üzərinə götürəcəyini vəd etsə də, sonradan vədə əməl etməyib:
«Söz verdilər ki, «nə kömək lazımdırsa, edəcəyik». Yoldaşımın vəziyyəti ağırdır. Onlarsa yalnız xəstəxanada olduğu müddətdə köməklik etdilər. Xəstəxanadan çıxandan sonra yadlarına da düşmədi. İndi də deyirlər, «xəstəxanada olanda 5 min manat vermişik, bəsinizdir»».
Aytən Hüseynova deyir, səhhəti Malikə işləməyə imkan vermir. Ailənin vəziyyəti ağırdır.
«BURDA BANKLIQ NƏ VAR?»
«Muğanbank» baş ofisindən AzadlıqRadiosuna bildiriblər ki, ailəyə hər cür yardım göstərilib:
«Bank üzərinə belə bir öhdəlik götürməyib. İnsanlıq xatirinə xəstəxanadakı xərcləri ödəmişik. 5 min manat az məbləğ deyil ki… Üstəlik, kredit məsələsində də ona köməklik etmişik. Bunlar azdır ki? Adam özü-özünü yandırıb, burda banklıq nə var ki? Xəstəxana xərcləri vaxtında ödənilib. İndi bank xəstəxanadan sonrakı xərclərini də ödəməli deyil ki. Bəlkə bu adam ömrünün axırına kimi müalicə olunacaq...».
Malik Hüseynov dəfn mərasimlərində xidmət göstərib çörəkpulu qazanmaq üçün kreditlə avtomobil alıb, «Muğanbank» ASC-dən 5 min manat kredit götürüb. Ötən ilin fevralında ilk devalvasiya baş verəndən sonra ödənişləri gecikdirdiyindən maşın axtarışa verilib və əlindən alınıb.
Həmin vaxt «Muğanbank» ASC açıqlama yaymışdı ki, bankın Malik Abbas oğlu Hüseynov adlı müştərisi yoxdur. Bank tərəfindən DYP-yə belə bir şəxsə məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb.
// Dia.az