Azərbaycanda adam oğurluğunda təqsirli bilinən və üzərində qanunsuz olaraq silah gəzdirən şəxs saxlanılıb.
Aktual.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd "Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib. Həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır. Qeyd edilən faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbər 572 dəfə oxunub.