Ertəsi gün: saat 22:30
"Qolfestrim-150” markalı təyyarə Bakı hava limanına endi. Təyyarə uçuş-eniş zolağında surətini azaldaraq dayanacaq meydanında dayandı.
Saat 22:40. Təyyarəni dayanacaq meydançasında hava limanının xüsusi avtomobili müşayət edirdi. Təyyarə dayanacağına tərəf açılan deputat zalının girəcək qapısında iki adam, yaxınlıqda isə qara rəngli "Mersedes” markalı avtomobil dayanmışdı. Bir neçə dəqiqə sonra təyyarə bu adamlardan 25-30 metr aralıda dayandı.
Bəylər dilləndi:
– Rauf,getdik.
Onlar təyyarənin qapısı açılanda və trap yerə dəyəndə ora çatdılar. "Mersedes” isə onlardan bir-iki addım kənarda dayanmışdı.
Təyyarədən bir nəfər endi. Onu qarşılayanları ingilis dilində salamladı. Rauf ingiliscə salamı aldı və Bəyləri qonağa təqdim etdi. Sonra özünün kimliyini bildirdi. Qonağa "xoş gəlmisiniz” deyərək ona "Mersedesə” oturmağı təklif etdi. Qonaq gülümsəyərək minnətdarlığını bildirdi, sağ tərəfdən arxa qapını açan Raufa "sağ olun” deyib avtomobilə oturdu. Bəylər sürücünün yanında, Rauf isə arxada sol qapını açaraq, qonaqla yanaşı oturdu. "Mersedes” hava limanından çıxanda, bir polis avtomobili şəhərə doğru yüksək sürətlə şütüdü. Avtomobillərin gur işığı yolu işıqlandırırdı. Yol kənarındakı hündür elerktrik dirəklərdən asılmış lampalar adda-budda yanırdı. Ətrafda can sıxıcı zülmət hökm sürürdü. Qonaq avtomobolin qapısının şüşəsini örtən pərdəni azacıq açıb çölə baxdı. Avtomobillər sərnişinləri mənzil başına çatdırmağa tələsirdilər. Bakı şəhərinə çatanda küçələrdə tək-tük avtomaşınlar görünürdü. Neftçilər prospektinə çatdılar. Küçələrdə ins-cins gözə dəymirdi, hər yan bomboş idi. Belə vaxtlarda heç kim qorxusundan küçələrə çıxmırdı. Şəhər sakinləri azğınlaşmış silahlılardan qorxurdular.
Sahil Bulvarı öz pərəstişkarlarını itirmişdi. Görəsən, onlar bir də nə vaxt bura qayıdacaqlar? Nə vaxt onun ağuşunda şaqraq gülüş sədası, sevinc dolu səslər eşidiləcəkdi? Nə vaxt sevgililər bir-birinə izhar etdikləri hərarətli sözləri eşidəcəklər? Axı, Sahil Bulvarı da canlıdır. Onun da insan nəfəsinə, isti insan hənirtisinə ehtiyacı vardır. Bulvar ağaclarının yarpaqlarının pıçıltısı nə zaman eşidiləcəkdi? Nə zaman Xəzər dənizi ləpələrinin həzin çırpıntısı bu pıçıltılara və şaqraq gülüş səslərinə qarışıb, harmonik musiqiyə çevriləcəkdi? Görəsən, insanlar onların bu istəyini duyurlarmı?!!
Zülmət qaranlıqda Ağ evin beşinci mərtəbəsindəki pəncərələrdən çıl-çıraqlar gur işıq saçırdı. Binadakı bir neçə pəncərədən də işıq düşürdü. Lakin beşinci mərtəbədən çölə axan gur işıq daha çox gözə çarpırdı.
Sanki bu gur işıqlar Sahil Bulvarının daimi sakini olan qocaman ağaclara, sahilə çırpınan ləpələrə bildirmək istəyirdi ki, qəm çəkməyin, məni yandıran, işığımdan nurlanaraq canına qəsd edən bu insan sizin arzu və istəklərinizi bilir. Çox keçməz ki, siz də sevincə, səadətə qovuşarsınız. Siz də onun kimi həyatın bu ağır anlarına, nadanların azğınlığına və təhqirinə dözüb səbr edin. Həmin gün heç də uzaqda deyil. Çünki Allah səbr edənləri sevəndir. O insan da Allahın sevgisini qazanandır. Dözün...
Yolçular Ağ evə çatdılar. İrəlidə onları müşayət edən avtomobil yolu düz keçib dayandı. "Mersedes” açılmaqda olan darvazaya yaxınlaşdı. Darvaza tam açıldı. "Mersedes” içəri şütüdü və darvaza bağlandı. Bəylər tez avtomobildən düşdü, hörmət əlaməti olaraq qonağın düşməsi üçün qapını açdı. Rauf artıq hazır vəziyyətdə idi. Qonağa ingiliscə "buyurun” deyib giriş qapısını göstərdi. Onlar qapıdan keçəndə qonaq gözətçini salamladı. Gözətçi sağ əlini gicgahına aparıb hərbi salam verdi. Liftin qapısı açıq idi. Onlar liftə daxil oldular. Bəylər "5” rəqəmli düyməni basdı, 5-ci mərtəbəyə qalxıb liftdən çıxdılar. Bəylər hörmət əlaməti olaraq sola gedən dəhlizi sağ əlilə göstərib qonağa "buyurun”dedi. Qonaq Tariyelin yanından keçib sağ tərəfə açılan qapının yanında ani olaraq dayandı. Rauf qapını açıb qonağın içəri birinci daxil olmasını təklif etdi və özü də onun ardınca Prezidentin iş otağına daxil oldu.
Qonaq bir-iki addım atıb, kreslodan qalxan Prezidenti salamladı.
– Cənab Prezident, axşamınız xeyir. Sizi görməyimə çox şadam.
Səmimi təbəssüm qonağın təraş olunmuş sifətinin cizgilərinə və parlayan alovlu gözlərinə əsl kişi əzəməti verirdi. Qonaq boyca uca və qamətli bir adam idi. Əynindəki tünd mavi kostyumu bədəninə kip oturmuşdu. Alnının qırışları onun həyatının keşmkeşli keçməsindən xəbər verirdi.
Prezident qonaq tərəfə bir neçə addım atıb üzündə təbəssüm, xoş və məlahətli səslə onun salamını aldı. Qonağının Azərbaycanın paytaxtı Bakıda görməsinə çox şad olduğunu bildirdi. Ümumi xoş əhval-ruhiyyə Raufa sirayət etsə də, görüşün vacibliyini, xüsusi əhəmiyyət kəsb etdiyiini, ciddiliyini dərk edərək soyuqqanlılıqla başlanan söhbətin fasiləsiz davam etməsi üçün bütün qabiliyyətini səfərbər edərək vəzifəsini məharətlə icra etməyə başladı.
Prezident qonağa iş otağının sağ tərəfində yerləşdirilən kresloda əyləşməyi təklif etdi və özü isə qarşı tərəfdəki kresloda oturdu. Tərcüməçi Rauf hər ikisinə yaxın əyləşdi.
– Əziz qonağımız uzaq bir yol qət etdiyindən yəqin yorğundur, – Prezident üzündə təbəssüm dedi. – Bir qitədən başqa bir qitəyə okean üzərindən uçub gəlmək o qədər də asan deyil. Mən özüm də dəfələrlə bu vəziyyəti keçirmişəm. Üzücüdür, ancaq işimiz və məqsədimiz bizdən tələb edir ki, buna dözək.
– Elədir ki var, cənab Prezident. Bakıya gəlib çatmaq üçün bir neçə dəfə yanacaq götürmək məcburiyyətində qaldıq. Lakin vəzifə borcum məndən tələb edir ki, öz missiyamı ləyaqətlə yerinə yetirim. Düzü mən yorğunluq hiss etmirəm. Əvvəlcə mənə izn verin rəhbərim cənab Robert Ceyms Vulsinin səmimi salamlarını sizə yetirim. Onun sizin şəxsiyyətinizə böyük hörməti vardır. Müstəqil dövlətinizin indiki vəziyyətindən tam xəbərdardır. Ermənistan Respublikası ilə gedən döyüşləri dayandıraraq, atəşkəs əldə etdiyinizi çox yüksək qiymətləndirir. Bunu Sizin müdrik və uzaqgörənliyiniz kimi dəyərləndirir.
Prezident sözə başlayır:
– Və aleykum salam. Salam göndərən də, onu gətirən də sağ olsun. Digər tərəfdən demək istəyirəm ki, Qafqazda baş qaldıran müharibə ocağını söndürmək, beynəlxalq hüquq normaları əsasında ədaləti bərpa etmək üçün bizim ABŞ-ın yardımına böyük ehtiyacımız vardır. Bu böyük, demokratik dövlətdən biz ədalət və yardım gözləyirik.
Lakin rəsmi söhbət getsə də, Prezidenti daha çox qonağın hansı missiyanı yerinə yetirməsi və hansı məlumatla gəlməsi maraqlandırırdı. Üzündə olan təbəssüm, adi baxışları, sadəliyi tanınmış kəşfiyyatçılardan biri olan qonağa prezidentin daxili hisslərini oxuya bilməsinə imkan vermirdi. Bu bir dəqiqəlik söhbət qonaqda prezidentə qarşı hüsn-rəğbət doğurmuşdu. "Həqiqətən də böyük şəxsiyyətlərin, hakimiyyət ustalarının və qalib çekistlərin məftun ünsiyyətindən xilas olmaq mümkün deyil,” – deyə düşündü. Mövcud mühit qonaqda belə fikri qətiləşdirdi ki, demə bu müdrik şəxsiyyətlə çoxdan yaxın tanış və rəfiqdilər.
Qonaq armudu stəkandan bir qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Diqqətlə Prezidentin gözlərinə baxıb dedi:
– Gəlişimin məqsədini Sizə çatdırmaq istəyirəm, cənab Prezident. Bu, ABŞ hökümətinin tapşırığıdır. Siz həqiqətən də neft və qaz müqavilələrini bağlamaq istəyirsiniz? Bu yolda qarşıya çıxacaq çətinliklər Sizi yarı yolda qoymayacaq ki?
– Bəli, bu mənim və dövlətimin gəldiyi qəti qərardır. Heç bir çətinlik və problem məni və dövlətimi bu yoldan sapdıra bilməz, – deyə Prezident cavab verdi.
– Cənab prezident, Mərkəzi Kəşfiyyat İdarəsində dəqiq məlumatlar var ki, müqavilə bağlanandan sonra ruslar sizin Londonda yaşayan nəvələrinizi öldürəcəklər.
Prezidentin baxışında heç bir dəyişiklik, həyəcan görünmədi. Lakin köksünün sürətlə qalxıb enməsi onun qəfil həyəcan keçirməsini sübut edirdi. O, bir anlıq susdu. Bu, bir neçə saniyə və ya dəqiqə çəksə də heç kim bunu duymadı. Araya çökmüş anisükutu onun sakit və həlim, lakin həzin səsi pozdu.
Ardı var