Masazır qəsəbəsində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un xəbərinə görə, hadisə Novxanı qəsəbəsi istiqamətinə gedən yolda baş verib.
Belə ki, 10-NO-127 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobili idarə edən 1966-ci il təvəllüdlü Vəliyev Mahir Şamxal oğlu əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxıb. Nəticədə "Opel" 1980-ci il təvəllüdlü Sailova Könül Bayram qızı idarə etdiyi 90-KU-773 "Hyundai Tucson" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Hyundai" digər 90-RB-444 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobillə çırpılıb. "Hyundai" və "Niva"-nın hər ikisinin arxa təkəri sıradan çıxıb. Avtomobillər səkiyə çırpıldıqdan sonra dayanıb.
"Opel"-in sürücüsü M.Vəliyev ayaqları sınaraq o, avtomobildə sıxılmış vəziyyətdə qalıb. Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. O, xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Lakin M.Vəliyevin hər iki ayağı kəsildiyindən qan itirmədən dünyasını dəyişib.
"Hyundai"-ın sürücüsü K. Sailova və sərnişin 1996-ci il təvəllüdlü Abbasov Elşən Rəfael oğlu ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Əraziyə Yol və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya ilkin səbəb kimi sürət həddinin aşılması göstərilir. Hər üç avtomobil deformasiyaya uğradığından avtomaşınlar cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Avtotexniki ekspertiza təyin edilib.