Milli Onkologiya Mərkəzi ABŞ-ın Anderson Xərçəng Mərkəzinin təcrübə və imkanlarından faydalana biləcək.
Aktual.az-ın ans-ə istinadən məlumatına görə, dünyanın xərçənglə mübarizə üzrə ixtisaslaşmış öndə olan klinikanın mütəxəssisləri azərbaycanlı onkoloqlarla təcrübə mübadiləsi aparacaq, birgə əməliyyatlar və xəstəliklərin müalicəsi işini görəcəklər.
Bu məqsədlə Amerika Birləşmiş Ştatların Anderson Xərçəng Mərkəzi ilə Milli Onkologiya Mərkəzi arasında müqavilə imzalandı.
Amerikalı onkoloqlar Milli Onkologiya Mərkəzində xərçənglə mübarizə üçün yaradılan şəraiti yüksək qiymətləndirdilər.
Anderson mərkəzinin vitse-prezidenti Oliver Boqler söylədi ki, Azərbaycanda onkoloji xidmətin inkişafına göstərilən bu qayğı və maliyyə yatırımları, bu cür gözəl mərkəzin və xidmətlərin yaradılması gözəl bir təşəbbüsdür.
Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev deyib ki, iki mərkəz arasında bağlanılan bu müqavilə çox önəmlidir: “Çünki biz onlarla birlikdə elmi-tədqiqat işləri aparacayıq. Həkimlərimiz Amerika Birləşmiş Ştatlarına təcrübələrini artırmaq məqsədi ilə səfər edəcəklər. Eyni zamanda, bu sahənin bilim adamları Azərbaycana gələcəklər. Burada onların iştirakı ilə elmi-praktik konfrans keçiriləcək. Lazım olanda belə onlar xəstələrə baxacaqlar. Buna görə də biz çalışırıq ki, bu xəstəlik tamamilə müalicə olunsun.
“Biz bütün dünyada xərçənglə mübarizə üçün portnyorlar axtarırıq. Onkologiya mərkəzi artıq o tərəfdaşlardan biridir. Xərçəng ağır xəstəlik olduğundan onunla mübarizəni heç bir mərkəz təkbaşına apara bilməz. Ona görə biz eyni səviyyədə, eyni imkanlara malik olan mərkəzlərlə tərəfdaşlıq edirik”, – deyə Oliver Boqler qeyd edib.
Müqavilənin imzlanması Azərbaycanın onkoloq və tədqiqatçılarına ABŞ-da təmənnasız klinik və elmi təcrübə mübadiləsi proqramlarında iştirak imkanı verir.
Milli Onkologiya Mərkəzi müasir üsullarla, dərman vasitələrilə xəstələrin müalicəsini həyata keçirir. Mərkəzdə həm təchizat, həm kadr baxımından xərçəngin diaqnostikası, müalicəsi üçün bütün imkanlar yaradılıb.
Milli Onkologiya Mərkəzi Azərbaycanda 650 çarpayılıq klinik bazası olan, bədxassəli şişlərin diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsilə məşğul olan dünyanın ən aparıcı ixtisaslaşmış elmi-tədqiqat müəssisələrindən biridir.
Aktual.az