Dünən ABŞ hökuməti Çindən alınan mallara, əsasən də elektrik avtomobilləri və günəş panellərinə rüsumları kəskin artırdı – elektrik avtomobillərinə 100%, günəş panellərinə isə 50% rüsum tədbiq ediləcək. Yəni, məsələn, əvvəl 50 min dollarlıq maşına 12500 dollar rüsum ödənilirdisə, indi elə qiyməti qədər rüsum veriləcək. Günəş panelləri 50%, avtomobillər isə 100% bahalaşacaq – bu addımı ABŞ hökuməti daxili bazarı qorumaq, Çinlə mübarizə aparmaq kimi qələmə verir.
Aktual.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, ABŞ-ın indiki administrasiyası, Demokratlar Partiyası dünyada "yaşıl gündəm”, "iqlim dəyişikliyi” kimi mövzuları dəstəkləyir, bu məsələləri dünyanın əsas prioriteti elan edib:
"Əgər əsas məsələ ekologiya, iqlimdirsə, bu sahədə pozitiv dəyişikliklərə xidmət etməli olan elektrik avtomobilləri və günəş panellərinə niyə ağır rüsum qoyub qiymət artırılır? Deməli iqlim, ekologiya bəhanədir, məqsəd maraqlardır, biznesdir, puldur.
Ümumiyyətlə, ABŞ və Qərbi Avropanı inkişaf etdirən, rifah yaradan, iqtisadi və elmi yüksəlişə aparan yol iqtisadi liberalizm, azad bazar, rəqabətli mühit olub. Təəssüf ki, SSRİ dağılandan, dünyada tək və rəqibsiz güc olandan sonra kollektiv Qərb iqtisadi liberalizmdəm sosializmin və dövlət iqtisadiyyatının başqa bir forması olan "over-regulation”, yəni aşırı tənzimləmə modelinə keçdi, dövlətin iqtisadiyyata müdaxiləsinin yeni formalarını yaratdı.
Bu gün kollektiv Qərbin ən böyük problemi "solaxaylaşmasıdır”, kapitalizmin bütün təməl prinsiplərinin pozulmasıdır, dövlətin iqtisadiyyata kəskin müdaxiləsi, müqəddəs olan, sistemin təməlini təşkil edən özəl mülkiyyətin tapdalanmasıdır.
Sol - sosialist ideyalar elə Avropada yaranıb, kökü, təməli Avropada qoyulub, zamanına görə çox mütərəqqi, "vəhşi kapitalizm”dən liberal iqtisadi modelə keçidi tezləşdirən, işçilərin hüququnu qoruyan ideologiya idi. Sonra SSRİ yarandı, kommunizm kabusu artdı, Qərb SSRİ-ni görüb marksizmdən, aşırı soldan, sosializmdən imtina etdi, çünki rəqibi olan SSRİ bu ideyalar üzərinə hekayə qurmuşdu. ABŞ-da makkartizm (McCarthyism), Qərbi Avropada antisovetizm, SSRİ-yə qarşı liberal iqtisadi model yarandı və sonda qalib gəldi. SSRİ dağılan kimi addım-addım öz "ayarlarına” dönməyə başladılar, liberalizmi unudub "sollaşdılar”, SSRİ kimi senzura, dövlət tənzimləmə mexanizmləri yaratdılar – yəni, bu gün qalib gəldikləri SSRİ-nin yolu ilə gedirlər, faciəvi mənzərədir.
İqtisadiyyatda "over-regulation” Qərbi "sovetləşdirir”, bu yol isə uğurlu ola bilməz – iqtisadiyyatda əsl liberalizm yenidən hakim olmalıdır, bu baş versə siyasətdə də "liboşlar” yox, əsl liberallar önə çıxacaq.
Dünyada "psevdo-liberalların” çox vacib "iqlim dəyişikliyi, ekologiya” kimi mövzuları öz dar maraqları çərçivəsində istismar etmələri çox eybəcər görünür...”
Xəbər 247 dəfə oxunub.