"ABŞ-ın region siyasəti varsa bu, ermənisentrik siyasətdir"


ABŞ-ın Cənubi Qafqaz regionu üzrə siyasəti olmayıb, belə görünür uzun müddət olmayacaq.

Əgər ABŞ-ın region siyasəti varsa bu, ermənisentrik siyasətdir. Nəinki Azərbaycan, hətta Gürcüstan ABŞ üçün Ermənistandan geridədir.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, ABŞ-ın Ermənistandakı səfirliyinin binası bu siyasətin bünövrəsinin çoxdan tamamlandığını göstərir: "Ermənistandakı ABŞ səfirliyinin binası bu siyasətin bazisidirsə, üstqurumu və ya funksionallıqları da var. Ermənistanla əlaqələr bir qrup yüksək çinli ABŞ məmuru üçün qazanc mənbəyidir".

Politoloq qeyd edib ki, bunun üçün amerikalı məmurlar əməlli-başlı korrupsiya mexanizmləri yaradıblar: "Bir neçə misal:

I. Green cardların riyaziyyatı ABŞ-ın Ermənistandakı korrupsiya mexanizminin təkzib olunmaz sübutudur. ABŞ-ın Ermənistandakı konsulu Frenk Tu rəqəmləri açıqladı: 2014-cü ildə bütun dünya üzrə Green card üçün 14 milyon ərizə verilib. Green cardların sayı 50 mindir. Ermənistandan Green card üçün müraciətlərin sayı 56 min 519-dur. Ermənistana verilən Green cardların sayı 1679 ədəddir. Adicə hesablama əməliyyatı aparaq: Ermənistanın müraciətləri ümumdünya üzrə müraciətlərinin 0,40%-dir.( 56519 x100 :14000000=0,4037 ) . Ermənistana verilən Green cardların sayı isə ümumi Green cardların 3,358%-idir. (1679 x 100 :50000=3,358). Fərq Ermənistanın xeyrinə 8,3 dəfə dəyişir. (3,358: 0,4037=8,31)".

Mərkəz rəhbəri sonra deyib ki, hər il təxminən belə vəziyyətdir: "Belə lotereya qaydası yoxdur. Yalnız müdaxilə etməklə belə nəticə alına bilər. Green cardın əsas təyinatı ABŞ-da təmsilçiliyi az olan xalqların nümayəndələrinin ABŞ-da sayının artırılmasıdır. Ermənilər nisbətə görə, ABŞ-da ən çox təmsil olunan birinci onluqdadır".

M.Əhmədoğlu vurğulayb ki, Dövlət Departamentində və Ağ evdə yüksək çinli məmurların iştirakı olmadan belə uzunmüddətli korrupsiya sxemi mövcud ola bilməz:

"II. Green card üzərində qurulan korrupsiya sxemi həm də etnokriminallığa xidmət edir. ABŞ-da erməni mənşəli kriminalların sayı çoxdur və artmaqda davam edir. Əksəriyyəti İT mütəxəssisləridir. Bunların demək olar ki, hamısı ABŞ-a Green card vasitəsilə gediblər. ABŞ-dakı erməni etnokriminallarının pulu erməni diasporu vasitəsi ilə yuyulur, leqallaşdırılır. Beləliklə, ermənipərəst məmurların və konqresmenlərin bank hesablarına köçürülür.

III. ABŞ-ın Contour Global Hydro Cascade kompaniyasının Ermənistana gətirilməsi siyasi korrupsiyadan başqa bir şey deyil. Contour Global Hydro Cascade kompaniyasının Ermənistanda Vorotan SES-i almasının iqtisadi və ya energetik motivasiyası yoxdur. Contour Global Hydro Cascade kompaniyası bu vaxtadək ABŞ və dünyanın digər regionlarında heç bir uğura nail olmayıb. Nigeriya, Benin və Ukraynada fəaliyyətləri var. Nigeriya və onun qonşusu Beninlə birlikdə reallaşdırdığı layihə 32 milyon, Ukraynadakı layihə isə 24,6 milyon dollardır. Global Hydro Cascade kompaniyasının iqtisadi metodla Ermənistanın energetika sahəsində uğur qazanacağı mümkün deyil. Ermənistanın energetikasında iqtisadi qaydaları Rusiya müəyyənləşdirib".

Politoloq sonra əlavə edib ki, ABŞ məmurlarının rolu olmasaydı, Global Hydro Cascade kompaniyası Ermənistanı heç tapa bilməzdi: "Bu kampaniya ya siyasi və ya casusluq məqsədi ilə Ermənistana gətirilib. Bu isə siyasi korrupsiyadır.

IV. Fitch Beynəlxalq reytinq təşkilatı Ermənistanla bağlı ziddiyyətli mövqe nümayiş etdirir. Ermənistanın iqtisadiyyatının Rusiyadan asılı olduğunu bildirən bu agentlik RF-in iqtisadi inkişaf parametrlərinə mənfi, Ermənistanın iqtisadi inkişaf parametrlərinə müsbət proqnozlar verir. Fitch Beynəlxalq reytinq təşkilatı iki dəfə Dağlıq Qarabağ münaqişə regionunda hərbi aktivliyin olmayacağı barədə proqnoz yayıb. Məqsəd Beynəlxalq maliyyə qurumlarının Ermənistana kredit verməsinə əsas yaratmaq idi".

M.Əhmədoğlu qeyd edib ki, Fitch və digər beynəlxalq reytinq təşkilatlarının ABŞ tərəfindən idarə olunması sirr deyil: "Həm də Ermənistanla bağlı mövqenin siyasiləşməsi də göz qabağındadır.

V. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Ermənistana ayırdığı kreditlərin korrupsiyaya məruz qalması Ermənistanda indi uşağa da bəllidir. Ermənistan kəndlisinə bel, yaba ilə işləməyi, ərik yığmağı öyrətmək üçün çoxlu vəsait ayrılır. Yol, su-kanalizasiya sisteminə külli miqdarda pul xərclənsə də, heç bir dəyişiklik baş verməyib. Ermənistan iqtisadiyyatı bərbad gündədir. Götürdüyü borcun faizlərini hər ay 50 milyon dollar kəsirlə ödəyir. Beynəlxalq maliyyə qurumlarının Ermənistana kredit verməsi də iqtisadi qanunlara uyğun deyil. Bu kreditlər ABŞ məmurlarının göstərişi ilə verilir. ABŞ-ın bütün dünya üzrə siyasəti problemlidir. Bununla bizim işimiz yoxdur. Amma Cənubi Qafqazda ABŞ-ın siyasəti nəinki yoxdur, hətta atdığı addımlar özünə qarşı yönəlib. Səbəbi yəqin ki, aydın oldu. ABŞ məmurlarının Ermənistandakı korrupsiya fəaliyyəti bu vaxtadək yoxlanılmayıbsa, deməli ABŞ-ın region siyasəti yaxın perspektivdə mümkün deyil".

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR