ABŞ-dan Bakı və İrəvana: Kremlin başı qarışıb, tez edin!

ABŞ-dan Bakı və İrəvana: Kremlin başı qarışıb, tez edin!

İrəvanla Bakı arasında sülh müqaviləsi imzalamaq imkanı var, çünki Rusiya hazırda çətinliklə üzləşib, bəlkə də bir ildən sonra bu cür çətinlikdə olmayacaq. Ona görə də fürsət pəncərəsi var. Biz indi bunun üzərində işləyirik.
Aktual.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin müavini Ceyms Obrayen "Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.
"Rusiya demək istəyir ki, Ukraynada qalib gələndən sonra Qafqaza qayıdacaq, lakin Rusiya Ukraynada qalib gəlməyəcək və Qafqaza qayıtmayacaq – baxmayaraq ki, uzun müddətdir buradadır.
İndi Ermənistan vətəndaşlarının bunu deməsinin vaxtıdır: "Biz qərara gəldik və geriyə yox, irəli getmək istəyirik”. İndi irəli getmək imkanı var, çünki Rusiya Ukraynada ilişib qalıb”.
Onun sözlərinə görə, ABŞ Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıracağını bəyan edib. O izah edib ki, bu, Ermənistanla demokratiyanın gücləndirilməsi, təhlükəsizliyi, məsələn, polis və sərhəd qoşunları və iqtisadiyyatın diversifikasiyası üçün işləmək deməkdir:
""Ermənistan qlobal ticarət apara bilməli və indiki kimi Rusiyadan asılı olmamalıdır. Bunlar üzərində işləməyə davam edəcəyimiz sahələrdən bəziləridir. Bizim Azərbaycanla bir çox cəhətdən səmərəli və konstruktiv münasibətlərimiz var və biz hər iki tərəflə işləyəcəyik. Çox şad olarıq ki, şirkətlərə maliyyə yardımı göstərək və onlarla əməkdaşlıq edək ki, onlar sülh sazişindən sonra dinc regionun imkanlarından istifadə etmək üçün bura gəlsinlər. Biz Ermənistan və Azərbaycanla tərəfdaşların bir-birinə kömək etdiyi bütün yollarla işləməyə hazırıq. Gürcüstan və Ermənistan Avropa Birliyinə və vahid bazara daha yaxın olmaqda maraqlıdırlar və hesab edirəm ki, belə inteqrasiya yalnız İrəvanla Bakı arasında saziş imzalandıqdan sonra mümkündür”.
Obrayen bir daha Zəngəzur dəhlizini dəstəklədiyini bu sözlərlə ifadə edib:
"Bu sənəd Qazaxıstandan Türkiyəyə keçərək Aralıq dənizinə və ya Qara dənizə çatan bir ticarət yoluna sahib olmaq imkanı verəcək. Bu marşrut artıq mövcud olan, Azərbaycan ərazisindən keçərək Gürcüstana və Qara dənizə qədər uzanan marşrutu tamamlayacaq. Bu iki marşrut birlikdə Orta Asiya ölkələrinə Rusiya və ya Çindən asılı olmayaraq dünya bazarına çıxış imkanı verəcək. Biz bu ehtimalı qətiyyətlə dəstəkləyirik”.
Qeyd edək ki, Ceyms Obrayen 10 iyunda İrəvana gəlib. Səfər 12 iyunda başa çatacaq.
Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR